NASA peykləri "Larsen" buzlağının bu ilin iyulunda parçalanmasından sonra yaranmış nəhəng aysberqin ilk dəfə ətraflı şəkillərini çəkiblər.
Milli.Az xəbər verir ki, nəhəng aysberqin peykdən çəkilən şəkli haqda mətbuata məlumatı "NASA Earth Observatory" bildirib.
"İlk şəkillər yalnız bu ilin sentyabr ayında çəkildi. Bir neçə həftə davam edən müşahidələr göstərdi ki, A-68 aysberqi əvvəlcə geri və irəli hərəkət edərək, yerində "tərpənirdi" və o, iki yerə parçalandı", - NASA bildirir.
Antarktida buzlaqlarının bir hissəsinin qopması dəniz səviyyəsinin faciəli göstəricidə artmasına gətirib çıxaracaq. Bu səbəbdən NASA-ın "IceBridge" layihəsi çərçivəsində cənub buzlaqlarının vəziyyəti fasiləsiz olaraq müşahidə olunur. Onlar kəşfiyyat təyyarələrinin və "Sentinel-1" və "CryoSat-2" peyklərinin köməyi ilə daim izlənilir.
Hələlik sözügedən nəhəng aysberq Antarktida sahilindən təxminən 10-20 kilometr uzaqlaşıb. Amma son həftələrdə iki hissəyə parçalanan "Buz adası" öz hərəkətini sürətləndirib.
Alimlərin gözləntilərinə görə, tezliklə külək və axınlar bu meqaaysberqi daha bir neçə hissəyə parçalayacaq və Yer kürəsinin cənub yarımkürəsindəki gəmilər üçün böyük təhlükə yaradacaq.