Hazırda ətraf mühit, yediyimiz qatqı maddəli qidalar, piylənmə başda olmaqla bir çox səbəb və xəstəliklər qadınların hamilə qalmasına mənfi təsir edir.
Dövrümüzün xəstəliklərindən olan sonsuzluğa hər 100 cütlükdən 15-də rastlanır.
35 yaşdan aşağı cütlüklər 1 il, 35 yaşdan yuxarı cütlüklər isə 6 ay qorunmadan mütəmadi cinsi əlaqəyə rəğmən, övlad sahibi ola bilmirlərsə, bu, artıq sonsuzluqdan şübhə edilməsi üçün bir səbəbdir. Bu problemi yaşayan cütlüklərin mütləq həkimə müraciət etməsi vacibdir və lazımi testlər etdirməsi tövsiyə olunur.
Ancaq aparılan son araşdırmalarda qəribə bir üsul kəşf edilib. Bu, hamilə qalmağı asanlaşdıran həb barədədir.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, araşdırmalar övlad sahibi ola bilməyən qadınların aspirinlə hamilə qala bilmə şanslarının artacağını bildirirlər.
Qadınların bədənindəki xroniki iltihabi xəstəliklərin də sonsuzluğa səbəb ola bildiyinə diqqət çəkən türkiyəli mütəxəssis Çağcıl Yetim deyib ki, araşdırmalar müalicəyə aspirinin əlavə edilməsinin hamiləlik şansını 35 faiz artırdığını göstərir: "Həmçinin qadınlarda yüksək iltihabi vəziyyət varsa, gündə bir ədəd 100 milliqramlıq aspirin qəbulunun hamiləliyi yüzdə 35 faiz artırır. Hətta hamiləlik planlaşdırıldığından təxminən altı ay əvvəldən aspirin istifadəsinə başlanılarsa, müvəffəqiyyətin səviyyəsi artır".