"Təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə şimal hissə buz bağlayacaq".
Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Onun sözlərinə görə, buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq.
"Bundan öncə də qeyd etdiyim kimi, Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır. Qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur. Bu, buzlaşma dövrü ilə əlaqədardır. Bu il ölkəmizdə qış fəsli sərt keçib, yaz isə soyuq və yağışlı olub. İyun ayının 15-dən havalar isinməyə başlayıb. İsti havalar indi də davam edir. Bu ildə yay fəslindən qış fəslinə keçəcəyik. İqlimdə dəyişiklər baş verir. Bu dəyişiklərin əsas səbəbi insanın özüdür. Ətraf mühit həddindən artıq çirkləndirilib, bütün ərazi tullantılarla doludur. Buna görə torpaq, su, hava nəfəs ala bilmir, özünü "yaxşı" hiss edə bilmir. Həmçinin bəzi dövlətlər tektonik silahlardan istifadə edərək zəlzələrin olmasına səbəb olurlar".
Havaların tədricən soyuduğunu deyən T.Zeynalov bildirib ki, bu il qış ötən ilkindən sərt olacaq: "Ötən il oktyabrın 20-dən sonra palto, plaşa keçilmişdi. Bu il də belə olacaq. Ötən qışda Bakıda, rayonların bəzilərində qar az yağmışdı, amma dağlıq yerlərdə isə əksinə idi. Bu il daha artıq qarın yağması və qışın daha sərt keçməsi gözlənilir. İlbəil havalar tədricən soyuyur".