Bir neçə gündür ki, yer üzərində güclü geomaqnit həyəcanlaşması baş verir. Mütəxəssislər isə bu maqnitləşmənin hələ qarşıdan gələn günlərdə də davam edəcəyini bildirib. Bəs, görəsən, bu maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Bunun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlərdən istifadə etmək lazımdır?
Milli.Az bildirir ki, mövzu ilə bağlı ailem.az-a danışan nevropatoloq Rima İbadova deyir ki, təbiət dəyişiklikləri insanlara birbaşa təsir edir. Bura maqnit qasırğaları, mövsüm temperaturunun artması, daşqınlar, hava kirlənmələri də daxildir: "Bizim iqlimimizə daha çox təsadüf edən təbiət dəyişikliyi maqnit qasırğalarıdır. Xüsusilə meteohəssas insanlar bu cür dəyişilmələrə qarşı daha həssas olurlar. Arterial təzyiqi yüksək olan, hipertoniya xəstəliyi olan, infarkt keçirən insanlar bundan daha çox əziyyət çəkirlər".
R.İbadova deyir ki, maqnit qasırğası olan zaman insanlarda xroniki yorğunluq özünü göstərir. Həmçinin gərginlik, baş və boyun ağrıları, arterial təzyiqin oynaması, ürəkdə sıxılma olur. Psixoloji baxımdan depressiya, həyəcan yaranır. Hətta bəzi hallarda intihara cəhd kimi psixi problemlərin də ehtimalını artırır. Maqnit qasırğası zamanı qanda adrenalinin, əhval-ruhiyyəmizə təsir edən hormonların miqdarı dəyişir. Qanın laxtalanması artır.
Həkim məsləhət verdi ki, ilk öncə həmin günlərdə açıq havada işləyən şəxslər mümkün qədər açıq havada olmamalıdırlar: "Xüsusilə insult, infarkt kimi problemi olan insanlar özlərini qorumalıdır. Arterial təzyiq yüksəkdirsə, mütləq təzyiqi salan dərmanlar istifadə olunmalıdır. 35-40 yaşdan sonra müəyyən qan durulduculardan istifadə məsləhətdir. Həmçinin bol maye qəbul olunmalı və qidalanmaya nəzarət edilməlidir. Daha yüngül və antioksidant tərkibli qidalar yeyilməlidir. Çünki antioksidantlar da bizim əhvalımıza təsir edən faktorlardandır. Bu baxımdan üzüm, banan, yaşıl çay kimi qidalar məqsədəuyğundur".
"Körpə uşaqlar isə öz ağrılarını daha çox narahatlıqlarla, ağlama krizləri ilə büruzə verirlər. Valideynlər isə bunu daha çox ərköyünlük kimi dəyərləndirirlər. Amma bu narahatlıq, dəridə avazımalar, qızartılar, iştahsızlıq, yuxusuzluq kimi problemlərlə özünü göstərir. Onun üçün körpələrə də bol maye vermək lazımdır", - deyə həkim məlumat verdi.
R.İbadova qeyd etdi ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə tövsiyə olunur.