Qadin.NET / Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI

Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI

Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI


Azərbaycanda ciddi radiasiya təhlükəsi yoxdur.

Qadin.Net bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva deyib.

R.Mehdiyeva bildirib ki, bu, institutun apardığı tədqiqatlar nəticəsində məlum olub: "Ölkədə radiasiya çirklənməsi yoxdur. Biz ehtiyac yarandıqda lazım olan ərazilərdə tədqiqatlar aparırıq. Azərbaycanda radiaktiv, ionlaşdırıcı şüa ilə işləyən enerji obyekti yoxdur. Biz bu baxımdan başqa regionlardan fərqlənirik. Məsələn, Ermənistanda Atom Elektrik Stansiyası (AES) var, orada radiasiya təhlükəsi çox yüksəkdir. Türkiyə bizə nisbətən həmin stansiya yerləşən əraziyə daha yaxın olduğu üçün onlara daha çox ziyanı var".

O qeyd edib ki, təmsil etdiyi qurum radiasiyanı elmi-tədqiqat işləri üçün ölçür: "Əvvəllər Bakıda neftlə çirklənən ərazilərə gedirdik və o ərazilərdə tədqiqatlar aparırdıq. Qeyd edək ki, neft çıxarılan ərazilərdə neftlə bərabər, lay suları çıxır və həmin sularda radiasiya, özündə şualanma olan elementlər olur. Amma indi o əraziləri SOCAR təmizləyir və nəzarət edir".

Ekologiya Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova da hesab edir ki, Azərbaycanda radiasiya yaradacaq obyekt olmadığından ölkədə ciddi radiasiya təhlükəsi yoxdur: "Azərbaycanda radiasiyanı ölçən avtomatk stansiyalarımız var. Həmin stansiyalar əsasən sərhəd bölgələrində yerləşdirilib. Artıq bu stansiyalar neçə illərdir fəaliyyət göstərir. Bu müddət ərzində ölkədə fövqəladə bir hal qeydə alınmayıb. Stansiyanın göstəricilərinə görə, ölkə ərazisində radiasiya şəraiti stabildir. Çünki Azərbaycanda radiasiya yaradan mənbə yoxdur".

Azərbaycanda neft ərazilərində lay suları ilə çıxan radiaktiv radon qazından danışan M.Avazova bildirib ki, həmin radiaktiv elementin açıq hava şəraitində insan həyatı üçün heç bir təhlükəsi yoxdur: "Həmin radiaktiv element yerin üst qatına çıxandan sonra qisa müddətə parçalanır və təbii fon səviyyəsinə enir. Bu cür radiaktiv elementlər açıq havada təhlükəli deyil. Bu, elementlər yalnız qapalı şəraitdə təhlükəli ola bilər".

Direktor müavini bildirib ki, Azərbaycanda təbii radiasiyalı ərazilər Böyük Qafqaz sıra dağları, Kür-Araz ovalığıdır: "Məsələn, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Zaqatala və Balakən rayonlarında təbii radiasiyanın fon səviyyəsi 12-20 mkr/saatdır. Abşeron üçün isə bu fon səviyyəsi 6-8, 8-10 mkr/saatdır. Bu ərazilərdə elə dağ suxurları var ki, həmin suxurlara günəş şüaları düşəndə radiasiya yaradır. Bu, ladşaftdan formalaşan təbii radiasiya fonudur".

8 sentyabr 2017
GO BACK