Yaponiyada imperator Akihitonun böyük nəvəsi, şahzadə Mako Akisino sevgilisi Key Komuro ilə nişanlanıb.
Milli.Az Yomiuri-yə istinadən bildirir ki, 25 yaşlı şahzadə bu barədə Tokioda keçirdiyi mətbuat konfransında açıqlama verib.
"Sevgilimdə məni ilk əvvəl onun Günəş təki parlaq gülüşü cəlb etdi. Sonra isə onun səmimi, qətiyyətli, zəhmətkeş insan olduğunu anladım", - şahzadə Mako deyib.
Toy gələn ilin payızında olacaq.
İmperator Akihito və imperatriça Mitikonun nəvəsi Mako Akisino taxt-taca iddiadan, bütün titullarından imtina edərək adi vətəndaş olan sevgilisinə ərə getmək qərarını may ayında açıqlamışdı.
Nişan mərasimi yayda baş tutmalı idi. Lakin iyul ayında Küsü adasını vurmuş qasırğa və daşqınlar səbəbindən mərasim təxirə salınmışdı.
25 yaşlı Key Komuro Tokiodakı Beynəlxalq Xristian Universitetini bitirib. Onlar 5 iml əvvəl tanış olublar, 2013-cü ilin dekabrında isə Komuro şahzadəyə evlənməyi təklif edib.
Mako Akisino imperator Akihitonun kiçik oğlu Akisinonun böyük qızıdır.
Yaponiyadan imperatorun varisi Akisinonun böyük qardaşı, şahzadə Naruhito sayılır.