Yeni dərs ilinin başlanmasına lap az qalıb və məktəblilərin dərs prosesinə hazırlığı ilə əlaqədar bir çox işlər görülür. Bunun üçün yeni geyimlər, dərs vəsaitləri alınır. Amma bu hazırlığın sadəcə dərs vəsaitləri ilə bağlı olmadığı ilə bağlı həkimlər xəbərdarlıq edir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, uşaqların məktəbə hazırlığı sadəcə geyim və kitab-dəftər almaqla bitmir: "Məktəb öncəsi chek-up müayinə mütləqdir. Körpə vaxtı aylıq müayinələrdən keçmiş və peyvəndlərini almış uşaqların məktəbə getməzdən əvvəl sağlıq kontrolundan keçmələri onların həm dərs ili boyunca fiziki sağlam olmaları, həm də dərslərini yaxşı qavramaları baxımından çox önəmlidir".
Pediatr məlumat verir ki, ilk növbədə uşağın əksik peyvəndləri tamamlanmalıdır: "Görmə, eşitmə müayinəsi, stomatoloq, pediatr baxışı, fiziki inkişaf dəyərləndirilməsi, son 1 ildə olunmayıbsa bunları mütləq etmək vacibdir. Bundan əlavə qan ümumi analiz, qanda dəmir, sidik ümumi analiz, nəcisin qurdlara görə müayinəsi, əlavə olaraq uşağın hər hansı sağlıq probleminə uyğun müayinə edilməsi də əhəmiyyərlidir".
"Valideyn məktəbə gedən uşağın sağlıqlı qidalanmasına xüsusi fikir verməlidir. Səhər yeməyi mütləqdir. Səhər yemək yeməyən uşaqlar dərsi qavramaqda çətinlik çəkirlər. Bundan başqa məktəblinin bol meyvə-tərəvəz, balıq, südlə zəngin qidalar qəbul etməsinə çalışmalı, fast foodlardan uzaq tutulmalıdırlar. Yuxu və sağlam gün rejimini qurmaq məktəblinin dərslərini daha yaxşı qavraması üçün çox önəmlidir. Məktəbə gedən uşağa şəxsi gigiyena qaydalarını mütləq öyrətməli, tualet gigiyenası və düzgün əl yumaq vərdişini mütləq başa salmalısınız".