Yeni dərs ilinin başlamasına az müddət qalıb. Həmişə olduğu kimi, yenə də məktəb bufetlərinin vəziyyəti aktuallığını saxlayır. Ötən dərs ilindəki müşahidələr göstərdi ki. bəzi məktəb bufetlərində saqqızdan tutmuş müxtəlif qazlı içkilərə qədər hər şeyə rast gəlmək mümkündür.
Yeri gəlmişkən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldığından, bufetlərin də "əl-qolu açılıb".
Maraqlıdır, yeni tədris ilində bufetlərin monitorinqi mümkün olacaqmı?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov modern.az-a bildirib ki, bufetlərin yoxlanması ilə bağlı hələ ki nəsə demək mümkün deyil:
"Yoxlamaların nə zaman başlayacağı məlum deyil. Çünki prezidentin fərmanına əsasən, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Bununla əlaqədar heç nə deyə bilmərik. Oktyabrda fərmanın müddəti bitəcək. Bundan sonra hansı göstəriş olacaqsa, ona uyğun fəaliyyət göstərəcəyik".
Yağda qızardılmış, iy verən, tez xarab olan məhsullar...
Təhsil eksperti Kamran Əsədov düşünür ki, bufetlərdə vəziyyət qənaətbəxş deyil. Bu səbəbdən yoxlamaları dayandırmaq yox, əksinə ciddi şəkildə həyata keçirmək lazımdır:
"Bildiyiniz kimi 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssələrində gigiyenik qaydalarla bağlı imzaladığı və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışa icazə verilən qidalarla bağlı xüsusi göstərişləri var. Əlbəttə ki, bunlar ilk növbədə məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir.
Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetlərdə demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Oradakı məhsullar heç bir səhiyyə qurumları tərəfindən yoxlanılmır. Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Geridə qoyduğumuz 2016-2017 tədris ilinin təcrübəsi göstərir ki, bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verdi. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir".
"Bufetlər məktəb direktoruna müəyyən məbləğ ödəyir"
Ekspertin sözlərinə görə, bu məsələdə valideyn və müəllim assosiasiyaları xüsusi məsuliyyət daşıyır:
"Hazırda özəl şirkətlər məktəb bufetlərini qidalarla təmin edir. Həmin şirkətlərin fəaliyyətinin nə dərəcədə leqal və peşəkar olması təbii ki, şübhə altındadır. Burada ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir.
Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyatı qurumlara müəyyən məbləğ ödədiyi üçün onların dırnaqarası fəaliyyətinə göz yumulur. Bu məsələ xüsusilə gündəmdə saxlanılmalı və bufetlər nəzarətə götürülməlidir. Fəaliyyəti qənaətbəxş olmayan müəllim-valideyn assosiasiyaları buraxılmalı və həqiqətən də vətənini sevən, şagirdin, təhsilin gələcəyini düşünən şəxslər rəhbərliyə cəlb edilməlidir".