"Pepper" robotu Yaponiyada keçirilən dəfn mərasimlərində buddist rahibi vəzifəsini icra edəcək. "Nissei Eco Co" şirkəti tərəfindən insanabənzər robot üçün yaradılmış proqram təminatı ənənəvi dini ayinləri icra etməyə imkan verir. Şirkət nümayəndələri robotun işini Tokioda keçirilən "Life Ending Industry Expo" sərgisində nümayiş etdiriblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiyada dəfn mərasimi dünyada ən bahalı mərasimlərdən biri hesab edilir: 10 il bundan əvvəl dəfn mərasimlərinin orta qiyməti təxminən 2,3 milyon yen (20 mindən çox dollar) təşkil edirdi. Dini mərasim xidmətləri sahəsində təxminən 45 min özəl və dövlət şirkəti fəaliyyət göstərir. Məlumat üçün, yapon əhalisi sürətlə qocalır, deməli, vaxt keçdikcə dəfn bürosuna tələbat artacaq, dini mərasim xidmətlərinin qiyməti isə, çətin ki, azalsın.
"Nissei Eco Co" şirkəti dəfn mərasimlərinin icrası üçün məsul olan rahibin əvəzinə, "Pepper" robotunu təklif edir. Robot 4 buddist sutrası oxuya və barabana vura, dəfn mərasiminə gələ bilməyən qohum və dostlar üçün canlı yayım apara bilir. "Pepper" robotunun əsas üstünlüyü xidmət haqqının ucuz olmasıdır: dəfn mərasimini icra edən rahibin xidmət haqqı 2200 dollar olduğu halda robot 450 dollara bu işi yerinə yetirəcək.