Alman alimləri ağız boşluğunda iltihabı diaqnozlaşdıra bilən unikal saqqız yaradıblar.
Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, statistik məlumatlara görə, insanların 1 faizdən 5 faizə qədəri bu cür iltihab halları ilə üzləşir. Saqqız formasında sürətli və rahat test belə iltihab hallarını ev şəraitində aşkar etməyə imkan verir.
Bu saqqızın "sirri" onun tərkibindəki xüsusi maddə ilə bağlıdır: həmin maddə iltihab prosesləri zamanı ağızda yaranan fermentlərə reaksiya verir. Bu, diş plantatları olan insanlar üçün xüsusilə aktualdır, çünki belə insanlarda ağız boşluğunun iltihabı uzun müddət özünü göstərməyə bilər. Həkimlər xəbərdarlıq edirlər: vaxtında aşkar edilməyən iltihab prosesi yumşaq toxumaların və sümüyün dağılmasına gətirib çıxara bilər.
Yeri gəlmişkən, adi saqqız qarın boşluğunda əməliyyat aparılmış pasiyentlərin həyatını real surətdə dəyişə bilər. Məsələn, Kesar kəsiyi əməliyyatı aparılmış qadınların belə əməliyyatdan sonra hər gün saqqız çeynəməsi tövsiyə edilir.
Amerikalı həkimlər müəyyən ediblər ki, gündə 3 dəfə, hər dəfə 30 dəqiqə saqqız çeynəməklə mədə-bağırsaq traktının normal işini bərpa etmək olar. Həkimlər belə hesab edirlər ki, bağırsaqları işləməyə "məcbur etmək" üçün əməliyyatdan sonra qida qəbul etmək zəruridir. Saqqız mədə-bağırsaq traktına siqnallar göndərməklə qida qəbulu imitasiyası yaradır.