Bu il qəbul imtahanında xeyli sayda abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyiblər.
Qadin.Net xəbər verir ki, bu barədə lent.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib.
K.Əsədov bildirib ki, ali təhsil müəssisələrinə qəbulda test mərhələsindən məqbul bal toplayaraq müsabiqə mərhələsinə buraxılan, amma kəsilən abituriyentlərin sayı az deyil: "I ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 23, 400-dən çox bal toplayan 4, 500-dən çox bal toplayan 2 nəfər, II ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 31, 400-dən çox bal toplayan 16, 430-dan yuxarı bal toplayan 3 nəfər, III ixtisas qrupu üzrə 350 baldan yuxarı toplayan 192, 400-dən çox bal toplayan 57, 500 baldan yuxarı toplayan 14 nəfər , IV qrup üzrə 350 baldan yuxarı toplayan 73, 400-dən çox bal toplayan 51, 500 baldan yuxarı toplayan 17 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib".
Təhsil eksperti əlavə edib ki, universitetə qəbul olmayan abituriyentlər sırasında 600-dən yuxarı bal toplayanlar da var: "III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan yuxarı bal toplayan 1 nəfər kəsilib".
K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin ixtisas seçimində səhvə yola vermələridir: "Abituriyentlər kodlaşdırma əsnasında keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər".