"Kayabukiya" Yaponiyadakı on minlərlə sake-barlardan zahirən çox da fərqlənmir. Lakin "Kayabukiya"nı dünyaca məşhur edən onun eksteryeri və ya interyeri yox, burada çalışan ofisiantlardır.
"Kayabukiya" dünyanın yeganə sake-barıdır ki, müştərilərə meymunlar xidmət edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yaponiyanın Toçiqi prefekturasındakı Usunomiya şəhərində yerləşən "Kayabukiya"da 4 makaka meymunu ofisiant kimi "çalışır"lar.
Onların arasında ən təcrübəlisi və məşhuru isə 17 yaşlı Fuku-çan adlı meymundur.
Bu dişi meymun müştərilərin sifarişlərini verir, sake və yemək daşıyır.
Barda artıq 29 ildir ki, ofisiant qismində meymunlardan istifadə olunur.
Bar sahibi Kaoru Osakanın dediyinə görə, Fuku-çan 10 il əvvəl ofisiantlığa başlayıb.
O, "baş ofisiant" Yat-çanı yamsılayıb və müştərilərə dəsmallar daşıyıb.
"Bunu görəndə anladım ki, Fuku-çandan yaxşı ofisiant olacaq. Barımda meymunları işlədirəm. Onlar Nikki dağında tutulublar. Meymunları alandan bəri onların qayğısına qalıram. Yemləyirəm, hətta özümlə yatırıram. Sanki, ailə üzvlərimdir. Onları çox sevirəm və meymunlar da şəfqəti, qayğını dəyərləndirirlər", - "Kayabukiya" barının sahibi K.Osaka söyləyib.