Hindistanın Çxattisqarh (Chhattisgarh) ştatındakı qədim qayaüstü təsvirlərin ən azı 10 min il yaşı var. Şəkillər o qədər qəribədir ki, Hindistanın arxeologiya və mədəniyyət departamenti onların araşdırılması üçün İSRO-ya (Hindistan kosmik tədqiqatlar agentliyi) və NASA-ya kömək üçün müraciət edib. Tapıntılar 1 il əvvəl aşkarlansa da, onlarla bağlı bu gün NASA-nın heç bir izah verə bilməyəcəyi ilə bağlı məlumat dərc olunub.
Milli.Az bilidirir ki, rəsmlər Raypur şəhərindən təxminən 130 kilometr məsafədə, Çarama vilayətində yerləşən mağaralarda yerləşir. Arxeoloqların daşları və boyaları tədqiq etməsi nəticəsində məlum olub ki, rəsmlərin ən azı 10 min yaşı var. Ən maraqlısı budur ki, qayaüstü şəkillərdə uçuş aparatları və qəribə canlıların təsvirləri yer alıb.
Arxeoloq Cey R. Bhagatın sözlərinə görə, rəsmlərdə məhz o müşahidə olunur ki, sanki qədim zamanlarda insanların yadplanetli varlıqlarla görüşləri təsvir edilib. Ciddi əlavə tədqiqatlar üçün isə müxtəlif ekspertlərin rəyi lazımdır.
Yayılan əfsanələr əlavə intriqalar yaradır. Belə ki, yaxınlıqda yerləşən kəndlərdə bu barədə hansısa - "kiçik adamlar" - "rohela people" - haqda rəvayətlər günümüzə qədər gəlib çatıb. Nənə və babalardan eşitdiklərinə görə, guya keçmişdə "kiçik adamlar" adlandırdıqları məxluqlar yerlə səma arasında yumru aparatlarla uçuşur və bu kənddən də bir neçə nəfəri özləri ilə apararaq geri qaytarmayıblar. Bəzi sakinlər indiyədək qayalardakı təsvirlərə səcdə edir.
"Rəsmlərdə rəqəmlərə oxşayan naxışlar və hətta burunları və ağızları olmayan varlıqlar təsvir olunub", - deyə Cey R. Bhagat bildirir. Bəzi təsvirlərdə müasir skafandrlara bənzər bir şeylər müşahidə etmək olur. "Biz qədim insanların təxəyyülünə dəqiq qiymət verə bilmərik, amma şübhəsiz ki, bu tapıntılar olduqca qeyri-adidir", - deyə mütəxəssis davam edir.
Arxeoloqun sözlərinə görə, bütün bu qəribə məxluqların və aparatların təsvirləri yadplanetlilər haqda filmlərdə gördüklərimizə çox oxşayır. Bu qayaüstü rəsmlərdəki varlıqların başlarında antena da görmək mümkündür.