Dünya üzrə 14 milyondan çox smartfon istifadəçisi "CopyCat" virusu vasitəsilə haker hücumuna məruz qalıb.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, bu barədə İT təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ABŞ-ın "Check Point Software Technologies" şirkəti açıqlama yayıb.
Virus "Android" əməliyyat sistemi ilə çalışan mobil cihazın proqram təminatına daxil olaraq istənilən əlaqə nömrəsini seçir və onlara təsvirlər göndərir. Bu mesajı açan istifadəçi avtomatik olaraq virus proqramını yükləmiş olur. Smartfon sahibi uzun müddət cihazın işində hər hansı dəyişiklik görmür, antivirus proqramları isə təhlükənin qarşısını ala bilmir.
"CopyCat" tərtibatçıları virusa yoluxmuş telefonlardan heç də az olmayan gəlir əldə edirlər. Artıq onların 1,5 milyon dollar qazandığı bildirilir.
Haker hücumundan ən çox Cənub-Şərqi Asiya sakinləri zərər çəkib. Təxminən 230 min amerikalının da "CopyCat"ın qurbanı olduqları xəbər verilir.