"Ötən gün Bakıda müşahidə edilən havanın temperaturu iqlim normasından 2,7 dərəcə yüksək olub".
Qadin.Net xəbər verir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ötən gün Bakıda gündüz havanın maksimal temperaturu 37, gecə 26 dərəcə, Sumqayıtda gündüz 40, gecə 26-27 dərəcə olub.
A.Verdiyev bildirib ki, havanın temperaturunun yüksək olmasına baxmayaraq, belə hava şəraiti anomal hesab edilmir və iyul ayı üçün xarakterik sayılır.
Baş hidroloq əvvəlki illərdə də iyul ayında Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin müşahidə edildiyini söyləyib. Bakıda 2010-cu ilin 12 iyulunda və 2011-ci ilin 22 iyulunda 40 dərəcə isti qeydə alınıb. O, iyul ayında Bakıda 40 dərəcədən yüksək temperaturun müşahidə edilmədiyini də açıqlayıb.
A.Verdiyev əlavə edib ki, bu gün günün ikinci yarısından iyulun 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.