Yay tətili və isti havalar uşaq bərbərlərinin də işini artırır. Valideynlərin əksəriyyəti övladlarını bərbərxanalara və ya gözəllik salonlarına gətirərək saçlarını kəsdirirlər.
Ancaq əvvəllər olduğu kimi bu işi ev şəraitində özü görənlər də var. Özü də ülgüc vasitəsi ilə.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, xüsusilə də yenidoğulan körpənin 1 yaşı tamam olanda onun saçlarını ülgüclə təmizləyirlər. Hətta bir yaşını gözləməyənlər də var. Əslində isə bu adət uşağın baş dərisi üçün təhlükəli sayılır.
Həkim dermatokosmetoloqlar da bu prosesin ev şəraitində həyata keçirilməsinin əleyhinədirlər. Uşaqların zərif dərilərini zədələməməkçün tövsiyyə olunur ki, bu iş peşəkarlara həvalə olunsun.
Hətta uşağın kəsilmiş saçını kağıza büküb atasının və ya dayısının cibinə qoyanlar, buna ruzi bərəkət mənası verənlər var. Digər tərəfdənsə iddia edilir ki, ülgüclə təmizlənən başa gur saçlar çıxar.
Deməli körpələri saçları gurlaşsın deyə təhlükəyə atmaq olmaz. Elə pediatrlar da bu üsulu düzgün hesab etmirlər. Ülgüc vasitəsilə uşaqların dərisinə müxtəlif infeksiyaların keçə bilməsi ehtimalları da var. Hər halda valideynlər belə həssas məsələlərə qarşı daha diqqətli olmalıdırlar.