"Ermənilərə və onların havadarlarına öz real işimizlə cavab vermək üçün bütün imkanlarımız var".
Qadin.Net xəbər verir ki, bunu trend-ə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov Ermənistanın Tarixi Mühitin və Tarixi-Mədəni Muzey Qoruqların Mühafizəsi Xidmətinin direktoru Ara Tarverdyan və "Karabakh Carpet" şirkətinin rəhbəri Sevak Xaçatryanın Qarabağ xalçalarının erməni xalçaları kimi təbliği və bu xalçalara turistlərin marağını cəlb etmək məqsədilə xüsusi çadır pavilyonlar qurulmasına münasibət bildirərkən deyib.
V.Muradov qeyd edib ki, ermənilərin Azərbaycan xalçaçılığına, xüsusən onun ayrılmaz hissəsi olan Qarabağ xalçaçılığına qarşı iddiası həmişə olub. Bu iddianın tarixi onların Azərbaycanın ərazi bütövlüyünə, tarixi torpaqlarına qarşı iddialarının tarixi qədərdir.
V.Muradov bildirib ki, erməni mətbuatının tez-tez bu məsələni gündəmə gətirməsini təbii hal hesab edir. Bu, onların ideoloji mübarizəsinin bir hissəsidir. Onlar xalçanın hər bir azərbaycanlı üçün nə demək olduğunu, onun necə bir milli-mənəvi əhəmiyyət kəsb etdiyini yaxşı bilirlər:
"Biz bu prosesi diqqətdə saxlamağa çalışırıq. Belə bir mübarizədə qalib gəlməyin ilkin şərtlərindən biri məhz hazırlıqlı olduğunu nümayiş etdirməkdir. Hesab edirəm ki, biz ermənilərin istər xalçaçılığa, istərsə də hədəf seçdikləri digər milli məsələlərə dair atacaqları addımı, daha doğrusu, vuracaqları zərbəni gözləmək əvəzinə, özümüz əməli fəaliyyətlə məşğul olmalıyıq. Təbliğatımızı düzgün və intensiv şəkildə aparmalıyıq. Xalçaçılıqda həm elmi, həm də iqtisadi və ticari baxımından dünyaya təqdim edəcəyimiz işlərimiz çoxdur. Azərbaycan Milli Elmlər Akdemiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində "Xalçaşünaslıq" sektoru yaradılıb. Burada xalçaçılıq tarix, etnoqrafiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, folklor, mifologiya, psixologiya və s. kimi elmlərin kontekstində kompleks şəkildə öyrənilir. Respublikamızda bu sahəyə dair çoxlu sayda elmi-fundamental nəşrlər işıq üzü görüb. Real tarixi həqiqətləri əks etdirən kitablar, broşürlər yazılıb, filmlər çəkilib. Bu materiallar dünyanın əksər kitabxanalarının elektron bazasına yerləşdirilib. "Azərbaycan xalçaları" elmi-publisistik jurnalı dövri şəkildə Azərbaycan, ingilis və rus dillərində nəşr edilir. Azərbaycan xalçaçılığı ilə maraqlananlar istənilən ölkədə internet vasitəsilə bu imkanlardan istifadə edə bilir".
V.Muradov əlavə edib ki, əslində, son zamanlar ermənilərin xalçaçılıq sahəsində bu cür canfəşanlığının əsl səbəbi məlumdur.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası simpoziumu keçiriləcək. Həmin vaxtda bütün dünyanın diqqəti məhz Azərbaycanda olacaq, müxtəlif ölkələrdən xalçaşünas alimlər, ekspertlər, kolleksiyaçılar, tacirlər, tarixçilər, etnoqraflar ölkəmizə gələcək:
"Onlar Azərbaycan xalçaçılığının əhəmiyyətini, perspektivlərini, inkişaf imkanlarını müzakirə edəcəklər. Respublikamızda son illərdə bu sahədə görülən işlərlə tanış olacaqlar".