Qadin.NET / Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi

Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi

Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi


"Ötən ay Şamaxı şəhəri, 48 - A məhəlləsində sürüşmə sahəsinin dinamikasında və parametrlərində ciddi artım baş verib. Bakı - Şamaxı avtomobil yolunun 106 - 111-ci km-də də sürüşmə sahəsinin bir neçə yerində uçqun - töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb".

Qadin.Net xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Bakı - Ağsu magistral avtomobil yolunun 132 - 156-cı km-dəki sürüşmə aktivləşib və nəticədə uçqun - töküntü hadisələri qeydə alınıb, ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri yaranıb.
 
"Bundan başqa, Şamaxı - Qəleybuğurd - Keçmədin avtomobil yolunun 24-25-ci km-dəki sürüşmə sahəsində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsi tamamilə sıradan çıxıb. Şamaxıda Çuxuryurd-Qızmeydan avtomobil yolundakı sürüşmə sahəsi də aktivləşib. Ağsuda Qırlar sürüşmə sahəsində sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda qismən genişlənmələr müşahidə olunub. Muğanlı - İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb. İsmayıllıda Zərnəva və Xankəndi sürüşmə sahələri aktivləşib. Basqal - Sulut avtomobil yolunun 10-cu km-liyi sürüşmə sahəsində aktivlik baş verib. Yenə də İsmayıllıda Sədiyan sürüşmə sahəsində ay ərzində ərazidə nisbi aktivlik müşahidə edilib, sürüşmə sahəsi üzərində çökmə - oturma prosesi qeydə alınıb" - deyə, ekspedisiya rəisi vurğulayıb.
 
Onun sözlərinə görə, Astarada Deqədi - Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahələrində aktivlik baş verib: "Astarada Burcubənd sürüşmə sahəsində ay ərzində sürüşmə kütləsi üzərində olan çatların ölçülərində artım qeydə alınıb. Lənkəran - Lerik yolunun 17 - 19 km-liyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik, bəzi lokal sahələrdə uçqun prosesi müşahidə olunub. Lənkəranda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən nisbi aktivləşib və bir neçə yerdə çökmə-oturma və uçqun tipli sürüşmə sahəsi əmələ gəlib".
 
Ə. Qaralov qeyd edib ki, Gədəbəydə Şahdağ, Daşkəsəndə isə Alunitdağ sürüşmə sahələrinin dinamikalarında nisbi aktivlik qeydə alınıb: "Eyni zamanda, Xızı - Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində mövsümi atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb, bir neçə yerdə yeni lokal sahədə çökmə prosesi müşahidə olunub. Xızı - Altıağac avtomobil yolunun 11 - 15-ci km-liyi sürüşmə sahəsinin parametrlərində nisbi artım qeydə alınıb. Siyəzəndə Sədan, Şabranda Baş Əmirxanlı sürüşmə sahələrində də ay ərzində aktivlik müşahidə olunub".

3 iyul 2017
GO BACK