İldə bir neçə dəfə qeyd etdiyimiz bayramlar var ki, ünvanlanan təbriklər heç də səmimi təsir bağışlamır.
Facebook və Whatsapp üzərindən hazır bayram mesajları ənənəvi hal alıb. Bir çoxları hazır təbrikləri yaxın qohum və dostlara copy past şəklində göndərir. Artıq insanlar təbii və səmimi təbriki yalançı və saxta təbriklərlə əvəzləyib. Sanki bir telefon zəngi və yazılı təbrik mesajından istifadə etsələr, vacib işləri yarımçıq qalar.
Hətta, bu cür yalançı təbriklər o dərəcədə sürətlə yayılıb ki, bir bayramı təbrik etmək əvəzinə, başqa bayramın hazır təbrikini göndərirlər. Ona görə də istənilən halda bu cür hazır və yazılı təbrikləri heç kəs sevmir.
Bəs insanları yalançı təbrik etməyə nə vadar edir?
Qadin.Net bildirir ki, sosioloq Əhməd Qəşəmoğlu modern.az-a açıqlamasında deyib ki, bu cür hallar vüsət aldıqca, mənəvi dəyərlərimiz itirilməyə məruz qalır.
"İndi hər şey dəyişib. Qidalarımız sintetikləşən kimi, ünsiyyətimiz də yalançı və yabançı olub. Artıq bir bayram olanda ətrafımızda olan insanları ürəkdən təbrik edə bilmirik. İçimizdən səmimi təbrik etmək gəlmir. Bu da insanların robotlaşmasına gətirib çıxarır. Hər halda gün ərzində yaxınlarımızdan, dostlarımızdan səmimi təbrik alanda özümüzü daha xoşbəxt hiss etmiş olarıq. Yoxsa, gün ərzində 100 ədəd avtomatik olaraq bir-birimizə şəkillərdən ibarət təbriklər göndərək. Bu, daha bezdirici xarakter alır. Düzü, bu cür yalançı təbrik göndərən insanlar nə göndərdiyini də bilmir. Necə ki, sintetik qidalar orqanizmimizə pis təsir edir, eləcə də yalançı təbriklər və ünsiyyət forması bizi bir-birimizdən uzaqlaşdırır. Mesajlaşma prosesi avtomatlaşmaya keçdikcə ünsiyyətimizin keyfiyyəti də aşağı düşür. Bu cür davam etdikcə mənəvi dəyərlərimiz itirilməyə məruz qalır. Bu cür yalançı ünsiyyətdən uzaqlaşsaq daha yaxşı olar. Təbiiliyimizi itirməməyə çalışaq".
Sosioloqun fikrincə, Azərbaycanda ünsiyyət forması hər zaman təbii olub.
"XX əsrin ən böyük sosioloqlarından biri Homansdır. Homans əsaslandırdı ki, cəmiyyətin özünü formalaşdıran əsas faktor ünsiyyətdir. İnsanların ünsiyyəti cəmiyyətin keyfiyyətini başqa mühüm xarakteristikasını formalaşdırır. Ona görə də ünsiyyət çox mühüm məsələdir.
Azərbycanda tarixdən bu yana ünsiyyət forması çox təbii olub.Ünsiyyət əsasında formalaşan cəmiyyət də təbii cəmiyyət olub. Qida rasionumuzda sintetik geni dəyişdirilmiş məhsullarla qidalanma orqanizmimizə təsir etdiyi kimi yaranmış mühitin özü də insanın davranışına, səhhətinə mənəviyyatına güclü təsir edir. Belə anlaşılır ki, biz əvvəllər daha keyfiyyətli cəmiyyətdə sağlam və həqiqi ünsiyyət qurmuşuq. Həmin cəmiyyətdən çox pozitiv enerji almışıq. O da daxili potensialımızı hərəkətə daha yaxşı gətirirdi".