Azərbaycanda boşanmaların sayı artıb.
Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır.
Son 6 ildə nikahların sayının ən çox qeydə alındığı 2011-ci ildə 88 145 evlənmə olub. Həmin ildə qeydə alınan boşanmaların sayı 10 747 olmaqla, son 6 ilin ən az göstəricisi qeydə alınıb. 2011-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 9,7, boşanmaların sayı 1,2 olub.
2016-cı ildə isə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə yüksəlib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Trend-ə verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.