Quranda bütün əməllərin qəbul olmasının tək meyarı vardır, o da təqvadır. "Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir". ("Maidə" 27).
Təqva - yaxşı əməllərimizin qəbul olmasının ilk meyarıdır. İkinci meyar isə əməlin ixlaslı olmasıdır. İxlas da əməlin qəbul olmasının mühüm şərtlərindəndir. Əgər insan ibadətlərində ixlaslı olmazsa və ibadətini riya üzündən yerinə yetirərsə, həmin əməli Allah tərəfindən qəbul olunmaz. Əgər insan orucu ona görə tutar ki, bədəni sağlam olsun - bu orucun qəbul olması çətinliklə üzləşər. Çünki İlahi qürbət və ixlas niyyəti mövcud deyildir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, oruclarımızın qəbul olmasının başqa meyarları da vardır. O cümlədən: dilimizi, gözümüzü, qulağımızı haramdan qorumalıyıq. İnsanın qəlbi də gərək oruc olsun. Əmirəl-möminin (ə) buyurur ki, o qədər oruc tutanlar vardır ki, oruclarından aclıq, susuzluq, az yatmaqdan savayı bəhrə aparmazlar. Onlara bir şey nəsib olmaz. Çünki bu insanların gözləri, dilləri və qulaqları oruc olmamışdır. Sadəcə yeməkdən və içməkdən çəkinmişdilər. Ona görə də belə bir orucun qəbul olunması çətinliklə üzləşər.
Orucun batil olmasına səbəb olan amillərdən biri - qeybət etməkdir. Ola bilsin ki, orucu düzgün yerinə yetirsin, ancaq belə bir oruc qəbul olmaz.
Oruc özü tək olmaz və yanında çoxlu rəfiqləri də olar. Oruc mübarək Ramazan ayında olduğu üçün bu ay Quran, rəhmət və bağışlanma ayıdır, ona görə də oruc tək deyildir. Yanında çoxlu dəyərli dostları ilə gələr. Bu mübarək ayda Quran nazil olmuşdur, Qədr gecələri bu aydadır.
Bu ayda tutduğumuz oruc ona görə dostları ilə gəlib ki, əllərimiz səmaya tez-tez qalxar və şeytan zəncirə vurular. Nəfsi Quranla yaxın olduğu üçün ram olar.
İnsan Ramazan ayında təyyibə həyata çatar. Çünki bu mübarək ayda lazım olan bütün ləvazimatlar hazırdır və insan bu da təyyibə həyatına gedən şah yolu tapar.
Ona görə də Quran deyir ki, əgər oruc tutsanız, təqvaya çatarsınız. Yəni, təyyibə həyata çatarsınız. Çünki təqva - həmin təyyibə həyatdır, qəlb həyatıdır. Oruc və Quran - bu həyata çatmaq vasitələridir. Quran təqvalıları hidayət etmək üçün nazil olmuşdur və onlara təyyibə həyatı, Siratül-müstəqim yolunu göstərər.