Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında http://eservices.dim.gov.az/netmag2 keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qarfik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 9503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Qeyd edək ki, imtahanın ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Bakalavrlar Apelyasiya Komissiyasına 07-08 iyun 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Milli.Az