Qadin.NET / 64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ

64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ

64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ

Böyüklü-kiçikli bütün oxucuların daha çox "Balaca şahzadə" əsəri ilə tanıdığı fransız yazıçı Antuan de Sent-Ekzüperinin ölümü yaradıcılığını üstələdi. Uzun illər onun müəmmalı ölümü ətrafında çox mülahizələr söylənildi. 1944-cü ilin 31 iyulunda dünyasını dəyişən yazıçının ölümü ətrafındakı duman pərdəsini yalnız XXI əsrdə götürmək mümkün oldu. Daha doğrusu, buna kimsə uzun araşdırmalardan sonra nail olmadı, bu faciənin iştirakçılarından biri sensasiyalı etiraf etdi. Amma əvvəlcə bu faciənin necə baş verdiyinə baxaq.

Milli.Az Antuan de Sent-Ekzüperinin faciəli sonluğu haqqında yazını təqdim edir:

Ekzüperi həm də peşəkar təyyarəçi idi. Ömrünün son iki ilində eskadril kəşfiyyatçılığında olub. 1942-1944-cü illərdə dəfələrlə faşist mövqelərinin üzərində təhlükəli uçuşlar edib. 1944-cü ilin 31 iyulundakı tapşırıqdan isə geri qayıtmayıb. Onun təyyarəsi qəfildən Fransanın kiçik şəhəri olan Sen-Rafael səmalarında radarlardan itib. Təyyarənin nə özü, nə qalıqları, nə də pilotu tapılıb. Ona görə də uzun illər Ekzüperi itkin düşmüş sayılıb.

Bu hadisə ilə bağlı bir neçə versiya irəli sürülmüşdü: ya texniki nasazlıq olub, ya düşmən təyyarəsi ilə havada döyüşüb, ya da pilot intihar edib. Ən ağlabatan o idi ki, Ekzüperinin təyyarəsi düşmənlə havada döyüşdükdən sonra zədələnib və Alp dağlarına çırpılıb. Amma 1998-ci ildə Aralıq dənizinin Marsel sahillərində balıqçı Jan Klod Byankonun toruna bilərzik düşəndən sonra yenidən çaşqınlıq yarandı. Həmin bilərziyin üstündə yazıçının, onun arvadının və "Balaca şahzadə"ni çap edən nəşriyyatın adı yazılmışdı. Bununla da Aralıq dənizində axtarışlara başlanmışdı. 2000-ci ildə dalğıc Lük Vanrel dənizin 70 metr dərinliyində təyyarənin qalıqlarını tapmışdı. 2003-cü ildə təyyarənin qalıqları sudan çıxarılmışdı. Pilotun kabinəsinin üstündəki 2734-L seriyası aydın görünürdü. Təyyarənin Ekzüperininki olması hərbi arxivlər vasitəsilə təsdiqləndi. Onun parçaları kifayət qədər ətrafa yayılımışdı - 1 km uzununa, 400 metr eninə. Ancaq bu qalıqların heç birində güllə, mərmi və ya hər hansı hücum izi görünmürdü. Araşdırmalardan bəlli oldu ki, təyyarə suya şaquli istiqamətdə düşüb və suyla təmas zamanı partlayış baş verib. Yəni belə bir anda pilotun sağ qalma ehtimalı sıfır idi, ani partlayışdan onun bədəni təyyarəsi kimi tikə-tikə olmalıydı.

Lakin hadisənin necə baş verdiyi hələ də müəmmalı qalırdı. Ta ki 2008-ci ilə qədər. Həmin il keçmiş pilot Lüftvaffe Horst Rippert etiraf etdi ki, 1944-cü ildə Ekzüperinin təyyarəsini o vurub. Amma həmin an təyyarənin kabinəsində kimin olduğunu bilmirmiş, sonradan biləndə ki, o tanınmış yazıçı imiş, buna çox peşman olub. Çünki özü də "Balaca şahzadə"ni maraqla oxuyub və Ekzüperi pərəstişkarlarından olub. 88 yaşlı Rippert bunu ona görə etiraf etdiyini bildirmişdi ki, həm ürəyini yüngülləşdirsin, həm də böyük yazıçını fərari və ya intiharçı hesab etmələrinə göz yummasın.

Uzun illər yazıçının ailəsi, dostları və oxucuları onun ölümünə inanmayıblar. Deyirdilər ki, Ekzüperi də elə balaca şahzadə kimi yoxa çıxıb və onun əsərdəki sözlərini təkrar edirdilər: "Gecələr səmaya baxarsan, çünki orada mənim yaşadığım, oradan sənə gülümsədiyim ulduz var". (publika.az)

6 iyun 2017
GO BACK