Qadin.NET / Azərbaycan şərabları Vaşinqton festivalında

Azərbaycan şərabları Vaşinqton festivalında

Azərbaycan şərabları Vaşinqton festivalında

Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda keçirilmiş "Səfirlik Aşpazları Müsabiqəsi" (Embassy Chef Challenge) adlı illik festivalda ölkəmizi təmsil edib. Ticarət Mərkəzləri Assosiasiyası tərəfindən ABŞ paytaxtının ən böyük inzibati binasında - Ronald Reyqan Binasında təşkil olunmuş tədbirə Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun yüksək rütbəli rəsmiləri, ABŞ ictimai xadimləri və ictimaiyyət nümayəndələri, habelə media təmsilçiləri olmaqla, ümumilikdə, 3000-dək insan qatılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müsabiqədə səfirlik tərəfindən təqdim edilmiş pendir çeşidləri və ölkəmizdə yetişən üzüm növlərindən hazırlanan ağ və qırmızı şərablar maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Bundan başqa, müsabiqədə Azərbaycanın qədim tarixi abidələrini, turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub, xalçalar, milli suvenirlər nümayiş etdirilib, habelə Azərbaycan haqqında buklet və kitablar paylanılıb.

Tədbirin bədii hissəsində "İpək yolu" qrupunun ifasında Azərbaycan və Əfqanıstan milli rəqsləri nümayiş olunub.

Ümumilikdə 35 səfirliyin təmsil olunduğu tədbirdə Azərbaycanla yanaşı, Ukrayna, Özbəkistan, Əfqanıstan, Qazaxıstan, Pakistan, Yaponiya, Moldova, Sinqapur, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələr də iştirak edib.

Qeyd edək ki, ilk dəfə iştirak etməsinə baxmayaraq, festivalda Azərbaycanın stendi ən çox ziyarət edilən stendlərdən olub və ölkəmizin məhsulları böyük maraq doğurub.

Milli.Az

26 may 2017
GO BACK