Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.
Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Milli.Az