Heydər Əliyev Azərbaycan ədəbiyyatının qabaqcıl ictimai fikrinin mühafizəçisi kimi Azərbaycan ədəbiyyatı tarixində şərəfli bir səhifə açmışdı.
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, Türk dünyası və bəşəri sivil dünyanın qüdrətli, heyrət və möcüzə təsiri bağışlayan, qeyri-adi şəxsiyyətidir. Yaradan ona hər bir üstünlüyü ərməğan etmişdi. Yaraşıqlı boy-buxun, təbəssüm və dahilik sintez edən sima, parlaq natiqlik məharəti, Tanrı fövqündə duran siyasi iradə, insanların qəlbinə yol tapmaq bacarığı, fövqəlbəşəri bir insan kimi demokratiyanın uca pillələrini kəşf edən, inkişafı ilə dünyanı heyrətfə qoyan Azərbaycanın lider oğlu! Azərbaycanın dünyaya, bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyət! Onun Azərbaycana, xalqına, torpağına olan böyük sevgisi insanların qəlbində sevgi, məhəbbət doğururdu. O sevildi - dahi rəhbər kimi, baba kimi, ata kimi, qardaş kimi, oğul kimi, ağıl kimi. Bu sevgi göy üzündən gələn nura döndü, Azərbaycan adlanan qürura döndü. Asıldı Azərbaycanın başı üstündən, çıraq kimi işıqlandırdı yolumuzu.
Azərbaycan ədəbiyyatının inkişafı ilə əlaqədar gördüyü işlər, böyük işlər, heç nə ilə müqayisə olunmayan fədakarlıq Azərbaycan ədəbiyyatı tarixinin yaddaşına silinməz izlərlə həkk olunmuşdu.
XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrinin bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Cəmiyyətin aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələciyin yolunu işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə izah edən ulu öndər "Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur", - deməklə ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu izah etmişdir.
Heydər Əliyev Azərbaycan ədəbiyyatına dair çox dərin, təfəkkürün dərin qatlarından keçə bilən elə fikirlər, elə dahiyanə təhlillər söyləmişdir ki, bəlkə bu fikirləri olduğu kimi ifadə etmək, izah etmək üçün söz tapmaq bizim qüvvəmiz xaricindədir.
Heydər Əliyev "Hüseyn Cavidin adı və irsi yaşayacaqdır", "Sevil" operası yaşayır və yaşayacaqdır", "Dünya korifeylərinin öncülü", "Azərbaycan milli mətbuatının yaranmasının 125 ili", "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə", "Nəriman Nərimanovun abidəsinin açılışı", "Yeni binada ilk tamaşa - O olmasın, bu olsun", "Görkəmli sənətkarın yubileyi" məruzə və çıxışlarında, xalq kütləsi ilə görüşlərindəki çıxışlarında insanı heyrətə gətirən cümlələr öz əksini tapmışdır.
Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür.
Bu illərdə Bakının görkəmli yerlərində Mikayıl Müşfiq, Hüseyn Cavid, Füzuli, Nəsimi, Cəfər Cabbarlı kimi yazarların heykəlləri qoyulmuş, Məhəmməd Füzulinin 500 illiyi, Dədə Qorqudun 1300 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tədqiq və təbliğ olunmuşdur.
Xalqımızın mənəvi zənginləşməsində böyük xidməti olan yazıçı və şairlərimiz - Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Cabir Novruz və başqaları ən yüksək adlara və dövlət mükafatlarına layiq görülmüşdür.
Ulu öndərimizin "Yazıçıya, alimə, şairə, bəstəkara, rəssama mənəvi hörmət indi də var. Şəxsən məndə onlara qarşı belə hörmət həmişə olmuşdur və ömrümün axırınadək də belə qalacaqdır", - deməsi ədəbi şəxsiyyətlərin yaradıcılığına, onların tarixi mövqeyinə obyektiv qiymət verir. Onun Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" və "Hara gedir bu dünya" əsərləri haqqındakı düşüncələri bu baxımdan çox qiymətlidir.
Azərbaycan ziyalısını, görkəmli ədəbiyyat xadimlərini Sovet İttifaqının sərt rejimi dövründə də bir çox məhrumiyyətlərdən qorumağı bacaran Heydər Əliyev özü bir neçə faktı cəmiyyətə açıqlayır: "60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Təhlükəsizlik Nazirliyində işləyəndə mən onu qorumağı bacardım. Xəlil Rza Ulutürk də ən böyük dissident idi. Ancaq biz onları qoruyub saxladıq".
Azərbaycanın ən böyük oğlu, ən böyük azərbaycanlı Heydər Əliyevin ruhu əbədiyyətə qovuşsa da, ruhu və bütünlüklə fəaliyyəti Azərbaycan adı ilə bağlanmış o böyük insanın artıq 1950-1960-cı illərdən başlayaraq respublikanın ədəbi-mədəni həyatı, o cümlədən ədəbi mühitin formalaşması və inkişafında həlledici təsiri tarixi faktdır, on illərlə burada real milli-mənəvi atmosferin yaranmasındakı rolu danılmazdır.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Heydər Əlirza oğlu Əliyevin dünyasını dəyişməsi ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyində qoyulmuş xatirə kitabında yazarlarımızın böyük məhəbbət və sevgi ilə yazılmış ürək sözləri insana istər-istəməz qürur hissi ilə bələnmiş bir kövrəklik gətirir. Düşünürsən ki, doğrudan da Onun iç dünyası ilə çöl dünyası bir-birini tarazlayıb, vəhdət təşkil edərək bütöv xarakterə çevrilib. Bu bütöv xarakter onu bəşəriləşdirib, onu qeyri-adi təhtəlşüura malik elə insana çevirib ki, bu təkrarsız insanın təcəssümünə həsr edilmiş çoxsaylı yazılar, xatirələr, filmlər nə qədər olsa da, yenə, dönə-dönə yazılacaq. Yenə də onun məziyyətləri haqqında deyilmiş sözlər, fikirlər qalacaq. Dünya durduqca o yaşayacaq, Dünya oğluna, Dünya balasına çevrilib bəşəriyyət tarixində, bəşəri hadisə kimi, Heydər Əliyev adlı planet olacaq, Azərbaycan Torpağının başı üstə əbədi məşələ dönərək işıq, nur paylayacaq.
Bilirəm ki, nə desəm, nə yazsam da, Heydər Əliyev adlı dünyanın bir damlasını da tədqid edə bilməmişəm.
Onu olduğu kimi görmək, olduğu kimi təsvir etmək, onun ömür yolunu tədqiq etmək elə dərinliyə aparır ki, dünyalıqdan çıxıb kainata üz tutursan. Yenə də istədiyin kimi uça bilmirsən, istər-istəməz bu duyğularla deyirsən ki, "bağışla məni, ey Heydər Əliyev dünyası, ey Heydər Əliyev kainatı, ey Heydər Əliyev qalaktikası, mən kiməm ki, səndən yaza biləm". Elə bu hisslərin təsiri ilə yazdığım bu şeiri sənin ruhuna ərməğan edirəm.
ULU HEYDƏRİN MƏZARI ÖNÜNDƏ
Gəlmişəm, Ulu Heydər gəlmişəm,
Bu gəlişi
Dərdimə rəvac,
Qəlbimə əlac bilmişəm.
Gəlmişəm,
gəlmişəm məzarın önünə,
baş əyirəm dönə-dönə.
Elə kövrək, elə giley olmuşam,
Dolmuşam, yaman dolmuşam.
Dərdləşməyə,
dərd anlayan kimim yoxdur.
Ürəyim kaman telidir,
Qəm mizrabımı çəkmək üçün
Simim yoxdur.
Gəlmişəm məzarın üstünə,
Alovlana bilmirəm,
Boğuluram öz tüstümə.
Hönkürtümü cilovlayıb yığammıram.
Hıçqırığı boğammıram,
Təpə ollam, dağ olmuram.
Zorla elə,
Hönkürtümü qovub çölə.
Gizlədirəm göz yaşımı,
kipriklərin arasında,
ürəyimin yarasında.
Ulu Heydər!
Kədərimin ahından utanıram,
Mən sənin ruhundan utanıram.
Yalvarıram
göstər mənə çətinliklərdən
keçmək üçün,
"Dözüm" adlı yolu, Heydər!
Göstər sağı, solu, Heydər!
Haqq deyilən yolu, Heydər!
Elə heyrət, elə qüdrət, elə qüvvət timsalısan.
Göydən gələn elçilərtək,
Peyğəmbərlər misalısan.
Hərdən ağlım baş açmayır,
Sənə ölüm yaraşmayır.
Bu fikirdən darılıram.
Hər an səni sağ bilirəm.
Gen dünyaya sığammıram,
dar oluram.
Haqsızlığın qamçısıyla,
Dönə-dönə vuruluram.
Ölümünü qovalayıb
sənin yerinə ölürəm.
Günahımı anlamıram,
Günahımdan asılıram.
Xəcalətli səs oluram.
Çarmıxdayam İsa kimi,
Vəhylə dolu Musa kimi.
Anlamayan nə anlayar axı məni?
Axtarıram, Ulu Heydər,
hər an səni!
Axtarıram dayaq kimi,
Qaranlıqda yol göstərən mayak kimi.
Üz tutmuşam dərd anlayan məzarına,
Bilirəm ki, ruhun ilə,
Ruh verəcən yazarına.
Xəzangül Hüseynova (Xəzangül)
Azərbaycan Yazıçılar Birliyini Gəncə Bölməsinin sədri
Trend