Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında çıxış edir, beynəlxalq aləmdə səslərini, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Bu faktdır ki, ölkəmizdə idmana böyük qayğı göstərilir. Amma bununla belə, hazırda Azərbaycanda buzüstü xokkey kimi tamamilə nəzərdən kənarda qalmış idman növləri var. 50-dən çox ölkədə xokkey yarışları keçirilsə də, bu idman növünün azarkeşləri xarici komandalara baxmaqla kifayətlənməli olurlar.
Bu yaxınlarda Küveytdə (!) buzüstü xokkey üzrə beynəlxalq yarış keçirilib və burada Omanın, Səudiyyə Ərəbistanının (!!!), Bəhreynin, Makaonun, Hindistanın və bir sıra digər xokkey üçün çox ekzotik görünə biləcək ölkələrin komandaları yarışıblar. Yeri gəlmişkən, xokkeyi Türkiyədə, Gürcüstanda, hətta Ermənistanda da oynayırlar və həmin ölkələrin milli komandaları, daxili çempionatları var.
Azərbaycan bu trenddən kənarda qalıb. Halbuki, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman-Konsert Kompleksi vaxtilə məhz buzüstü xokkey yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuşdu və bu tikilinin arenasının quruluşu və dizaynı buna bariz sübutdur. Lakin sonradan kompleksin istiqaməti dəyişdirilib və elə buzüstü xokkey komandamızın yaranacağına ümidlər də həmin kompeksin buz örtüyü ilə əriyib gedib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, idman jurnalisti Vüqar Zeynalov hesab edir ki, indiyə kimi ölkəmizdə buzüstü xokkey komandasının olmaması maliyyə problemləri ilə bağlıdır. Buz meydançasını saxlamaq maliyyə xərcləri tələb etdiyindən, heç kim bunu öz üzərinə götürmək istəmir:
"Tbilisi prospektində tikilən Heydər Əliyev adına İdman-Konsert Kompleksi yaradılanda orada fiqurlu konkisürmə və xokkey üçün meydança olmalı idi. Lakin sonradan imkan olmadı, bir müddət buz meydançası düzəltdilər, sonra onu əritdilər. Bu, bahalı proses olduğuna görə, nə kompleksin rəhbərliyi, nə də o vaxtkı idman nazirliyi onu öz boynuna götürmədi. Sonradan bizdə Qış İdman Növləri Federasiyası yarandı. Federasiya yarandığı ilk vaxtlarda Bakıda fiqurlu konkisürmə meydançası düzəltməyə cəhd etdi. Gələcəkdə bu xokkey üçün istifadə olunmalı idi. Sonra hesabladılar ki, bahalı işdir, ondan imtina elədilər. Hazırda nə federasiya, nə də fərdi şəxslər bunu yaratmaq istəmir. Çünki çox maliyyə tələb edir".
Vüqar Zeynalov
V.Zeynalov hesab edir ki, federasiya indiyə qədər xokkey meydançası yaratsaydı, əhali arasında bu idman növünə marağın olub-olmadığını öyrənmək olardı.
"Əslində buz meydançası olsa, hamı, xüsusən də uşaqlar gələr. Sadəcə, komandanın yaradılması, oyunçuların yığılması, xarici çempionatlarda çıxış etmələri üçün pul lazımdır. Doğrudur, buzüstü xokkey ənənəsi Azərbaycanda heç vaxt olmayıb. SSRİ dövründə də elə bir komandamız olmayıb. İndi bu idman növü ilə maraqlananalar 40 yaşından yuxarı insanlardır. Hazırda gənclərin həmin idmana gedib-getməyəcəini bilmirik. Yenə də, bunu yoxlamaq olardı", - deyə V.Zeynalov qeyd edir.
Qış İdman Növləri Fererasiyasının vitse-orezidenti Fuad Quliyev isə Azərbaycanda buzüstü xokkey idman növünün olmamasını maliyyə çatışmazlığı ilə bağlamır:
"Azərbaycanda buzüstü xokkey idman növü populyar deyil, ona görə də, bizdə buzüstü xokkey idman növü yoxdur. Bunun maddi problemlə əlaqəsi yoxdur. Sadəcə olaraq, bizdə populyar deyil, idmançılar hamısı xaricdədir. Bizdə sadəcə buz yoxdur, problem buzdadır".
F.Quliyev də Heydər Əliyev adına İdman-Konsert Kompleksində buzüstü xokkey oyunlarının keçirilməsi üçün nəzərdə tutulduğunu təsdiqləyir. Lakin vitse-prezident hesab edir ki, bu idman növü populyar olmayıb deyə onu bağlayıblar.
Bildirək ki, gənclər arasında buzüstü oyunlara marağın olduğunu görmək üçün təkcə "Zabitlər bağı"nda süni buz örtüyündə müşahidə aparmaq kifayətdir. Hər gün buz üstündə sürüşmək üçün növbəyə düzülən və sürüşənləri müşahidə etmək üçün ora gələnlər var.
Xatırladaq ki, bir neçə il öncə azərbaycanlı idmançı, "Silver Stik" mükafatçısı 14 yaşlı Elman Hüseynov Kanadanın buz meydançalarında uğur qazanmışdı. 2012/2013-cü il mövsümündə 25 şayba vuraraq 42 məhsuldar ötürmə ilə Toronto liqasının ən sərrast xokkeyçisi, Şərqi Toronto çempionu və Böyük Torontonun gümüş mükafatçısı olub. Elə bu fakt da onu göstərir ki, ölkəmizdə bu idman növünü yaradıb inkişaf etdirməklə böyük nailiyyətlər qazana bilərik.
Milli.Az