Milli.Az bildirir ki, bu günlərdə əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun yeni nəşr olunan "XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı" adlı monoqrafiyası işıq üzü görüb. Bu haqda AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova öz rəyində belə bildirmişdir:
Azərbaycan fortepiano mədəniyyətinin mənbələri yüz ildən artıqdır ki, mövcuddur. Musiqi mədəniyyətinin tarix yoluna istər bütövlükdə bir fenomen kimi, istərsə də onun konkret bir sahəsinə retrospektiv nəzər salsaq, bu müddətin müqayisədə böyük olmadığına əmin ola bilərik. Lakin bu, nisbətən az bir müddət ərzində Azərbaycan fortepiano mədəniyyəti o dərəcədə intensiv və məhsuldar inkişaf etmişdir ki, onun yaranışı və inkişaf mərhələsinin elmi-nəzəri və elmi-təcrübi nöqteyi nəzərdən öyrənilməsi böyük bir maraq kəsb edir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun yeni nəşr olunan "XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı" adlı monoqrafiyası məhz bu məsələlərə həsr olunub (Bakı, "Рўəhsil").
Kitab tarixi perspektivdə faktoloji materialın əhatə genişliyi, Azərbaycan fortepiano mədəniyyəti təzahürlərinin dəqiq, ətraflı, ciddi təhlili sayəsində, sözsüz ki, aktual və dəyərli tədqiqatdır. Milli fortepiano mədəniyyətinin, onun bütün komponentləri ilə qarşılıqlı, sıx əlaqəsi aləmində belə çoxaspektli musiqişünaslıq tədqiqatına rast gəlmirik.
Monoqrafiyanın elmi redaktoru kimi bu işi dəqiqliyi ilə araşdıraraq, tam əminliklə deyə bilərəm ki, müəllif, başlanğıcı rus fortepiano ifaçılığı və təhsili məktəbi ilə ayrılmaz surətdə bağlı olan və eyni zamanda, folklor, xalq musiqi üslubunun səciyyəvi xüsusiyyətlərinə istinad edən Azərbaycan fortepiano mədəniyyətinin formalaşma yolunu nə qədər dolğun tədqiq edir.
Fortepiano pedaqogikası, ifaçılığı və bəstəkar yaradıcılığının inkişafının, təkmilləşməsinin vacib mərhələlərinin müəllif tərəfindən ardıcıl şəkildə araşdırılması tədqiqatın ideyasının inandırıcı əsası kimi qiymətləndirilir. Dəqiq desək, Azərbaycan fortepiano mədəniyyətinin son dərəcə məhsuldar inkişafının səbəbləri və daxili qanunauyğunluqları Qərbi Avropa irsinin aktiv şəkildə mənimsənilməsi, onun milli-ənənəvi elementlərlə, musiqi təfəkkürü və musiqi dilinin özünəməxsus prinsipləri ilə vəhdətindən ibarətdir. Bu ideya fortepiano musiqisinin bütün janrlarında milli və ümumavropa köklərinin ən yüksək nailiyyətlərini üzə çıxararaq kitabın müxtəlif dövrlərin Azərbaycan bəstəkarlıq yaradıcılığına həsr olunmuş fəsillərində ana xətti təşkil edir.
Bu iş yüksək professional səviyyədə yazılmış, struktur baxımından məntiqi və qanunauyğun surətdə qurulmuş, bu tarixi tədqiqatın konkret analitik və ümumsistemləşdirilmiş xətləri inandırıcı və əsaslandırıcı şəkildə göstərilmişdir.
İnanırıq ki, professor Tərlan Seyidovun "XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı" adlı kitabı Azərbaycan musiqi mədəniyyətinin inkişafı ilə maraqlanan geniş oxucu kütləsini cəlb edəcək.
Milli.Az