Qadin.NET / Lift qəzaları niyə artır?

Lift qəzaları niyə artır?

Lift qəzaları niyə artır?

Liftlə bağlı faciəvi xəbərlər mətbuatda tez-tez yer alır. Bu cür hadisələrin artması bir tərəfdən liftlərin nasaz olması ilə bağlıdırsa, digər tərəfdən insanların liftdən istifadəyə səhlənkar yanaşmasından irəli gəlir.

Ekspertlərin fikrincə, liftdəki nasazlıq üzündən bədbəxt hadisələr baş verməsin deyə qabaqlayıcı tədbirlər görülməlidir. Liftin qoruyucu mexanizmləri nəzarətdə olmalıdır. Onların işlək olub-olmamasına hər dəfə əmin olmaq lazımdır.

Milli.Az xəbər verir ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin Texniki şöbə mühəndisi Əli Hənifəyevin "Ekspress"ə bildirdiyinə görə, ildə bir dəfə FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ mədən nəzarəti dövlət agentliyi liftləri texniki baxışdan keçirir: "Əgər liftlər istismara yararsızdırsa, hər hansı təhlükə potensialını daşıyırsa, lift söndürülür, istifadəyə verilmir. Baxmayaraq ki, Bakıda köhnə liftlərin sayı çoxdur, əgər istifadəsi hər hansı təhülkə yaratmırsa, ona icazə verilir. Həmçinin işçi, mexaniklər tərəfindən ayda bir dəfə liftlərə zəruri baxış keçirilir".

Hənifəyevin sözlərinə görə, liftdən "çağırış" düyməsində işıq siqnalı sönəndən sonra istifadə etmək lazımdır: "Liftə kabinənin düz qarşısında olduğunu yəqin etdikdən sonra enin. Kabinə qapıları bağlandıqdan sonra liftə daxil olmağa çalışmayın. Kabinə gözlənilmədən dayandıqda qapının kip bağlandığını yükləyin və lazımi mərtəbənin düyməsini yenidən basın. Azyaşlı uşaqlar liftdən yalnız valideyin himayəsində istifadə edə bilər. Liftin uzun müddət işləməsi üçün liftin düymələrini zədələməyin. Onu həddindən artıq yükləməyin, inşaat materiallarını daşımayın, ağır şeyləri bir neçə dəfəyə qaldırın".

Şöbə müdiri vurğulayıb ki, bir sıra hallarda liftdən istifadə etmək olmaz: "Əgər lift qapısı açıq halda hərəkət edərsə, istənilən mərtəbəyə çatmamış liftin qapısı açılarsa, lift avadanlıqlarına əl vurduqda elektrik cərəyanı hiss etdikdə, kabinənin və ya şaxtanın divarları zədələnən vaxt liftdən istifadə yolverilməzdir".

O qeyd edib ki, istifadəçilər liftdən düzgün istifadə qaydalarını bilməlidir: "Liftə tələsmədən daxil olmaq lazımdır. Lifti gözləyən hər kəsin mindiyinə əmin olduqdan sonra lazımi düymə basılmalıdır".

Dediyinə görə, liftdə ən çox rast gəlinən hal kabinənin mərtəbələr arasında dayanıb qalmasıdır. "Əgər yanınızda uşaq və ya yaşlı bir adam varsa, şərait daha da çətinləşə bilər. Belə ki, bu halda uşaqlar ağlamağa başlayır və əsəbləri daha da gərginləşdirir. Dar sahə, təmiz hava və oturmaq üçün yerin olmaması isə yaşlı adamların vəziyyətinə mənfi təsir edir. Bu şəraitdə özünüzü itirmədən dərhal növbətçi lift təmirçisini çağırın. Bunun üçün liftdə xüsusi düymə nəzərdə tutulmuşdur. Düymə işləmirsə və ya hər hansı səbəbdən liftçi cavab vermirsə, vaxt itirmədən pilləkənlərdən keçənlərin diqqətini cəlb edərək onlardan "qəza" xidmətinə məlumat verməsini istəyin".

Müasir konstruksiyalar liftlərin yuxarı mərtəbələrdən düşməməsini etibarlı təmin edir. Lakin trosun qırıldığı zaman kabinənin dayanması sərt olduğundan liftin güzgü və pəncərəsindən uzaq durmağa çalışın. Sındıqda onlar sizi yaralaya bilər.

Müsahibimiz deyib ki, liftdən yanğın zamanı istifadə etmək olmaz: "Kabinədəki tüstü sizin üçün təhlükəlidir. Qəza zamanı elektriki söndürdükdə isə liftin dayanması artıq fəlakətə bərabərdir. Liftdə baş verə biləcək ekstremal vəziyyətlərdən biri də yanğındır. Buna səbəb tam söndürülməmiş kibrit, siqaretin liftin döşəməsinə və ya şaxtasına atılması, yaxud elektrik məftillərində qısa qapanmanın baş verməsi və s. olur. Liftin kabinəsində və ya şaxtada yanğının ilk əlamətləri olduqda və ya yüngül tüstü hiss olunduqda bu barədə dərhal lazımi xidmətlərə məlumat verin. Əgər lift hərəkət edirsə, onu dayandırmayın, özünün dayanmasını gözləyin. Kabinədən çıxarkən əlinizə keçən hər hansı bir predmetlə qapıları bağlayın ki, heç kim lifti çağırmasın. Kabinədəki yanğını söndürərkən içəri daxil olmayın. Belə ki, o, öz-özünə hərəkət etməyə başlaya bilər. Kabinə gərginlik altında olur. Bu səbəbdən yanğın ocağını su ilə söndürmək təhlükəlidir. Onu qalın quru parça, odsöndürən və ya quru qum ilə söndürmək məsləhətdir. Eləcə də, liftdən zəlzələ zamanı da istifadə etmək olmaz".

Hənifəyev bildirib ki, uşaqlar liftə valideynlərdən (böyüklərdən) sonra minməli, onlardan əvvəl isə çıxmalıdır: "Liftə qapılar tam açılmış vəziyyətdə daxil olun və ya çıxın. 12 yaşınadək uşaqlar liftdən böyüklərin müşayiəti ilə istifadə etməlidirlər. Eləcə də, nəzərə alın ki, liftin qapısının bağlanmasına mane olmaq üçün bədəninizin hər hansı bir hissəsini və ya hansısa bir əşyanı araya qoymaq olmaz. Bu həm liftin xarab olmasına, həm də kabinanın gözlənilmədən hərəkətə gəlməsi nəticəsində sizin travma almanıza səbəb ola bilər".

Həmsöhbətimizin sözlərinə görə, liftdə tullanmaq, kəskin hərəkətlər etmək olmaz, belə ki, bu, kabinanın dayanmasına səbəb ola bilər: "Liftdə siqaret çəkmək olmaz. Liftdən istifadə edənlər bunu digərlərinə də icazə verməməlidir. Ən əsası, uşaqlara lift və şaxtanın təhlükələri barədə məlumat vermək vacibdir".

Şöbə mühəndisi əlavə edib ki, davami liftin qapılarının arasında dayanmaq, liftin qapılarına və üzərindən cərəyan keçdiyindən tavanına toxunmaq, lifti silkələmək, liftin düymələrini qurdalamaq və zədələmək, liftdə siqaret çəkmək,alışqandan istifadə etmək, tez alışan maddələri daşımaq qadağandır. Liftdə köməksiz vəziyyətdə qaldıqda qorxmayın və təşvişə düşməyin, qapını zədələmədən döyərək kömək çağırın, yanınızda mobil telefon varsa, lift bələdçisinə və ya lift təsərrüfatına cavabdeh qurumlara məlumat verin, əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda "112" qaynar xəttinə məlumat verin, köməyə çağırdığınız insanlardan əlaqədar qurumlara məlumat vermələrini xahiş edin. "Unutmayın ki, xilasetmə işləri zamanı binanın damına çıxış qapısının açarı təcili olaraq lift mütəxəssisinə və ya xilasedicilərə təqdim olunmalıdır, kömək məqsədilə kənar şəxslərin liftin qapılarına və digər hissələrinə müdaxiləsi yolverilməzdir; lift mexanizmləri yalnız lift mütəxəssisləri tərəfindən təmir oluna bilər".

Milli.Az

15 aprel 2017
GO BACK