Qadin.NET / Azərbaycanda yeni təşkilat yaradılır

Azərbaycanda yeni təşkilat yaradılır

Azərbaycanda yeni təşkilat yaradılır

Azərbaycanda Herontoloqlar Cəmiyyətinin yaradılması nəzərdə tutulur.

Milli.Az bildirir ki, bunu Trend-ə  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, herontologiya sahəsində tədqiqatların effektiv aparılması, koordinasiyası, beynəlxalq səviyyəyə qaldırılması üçün belə bir təşkilatın olması zəruridir: "Artıq cəmiyyət təşkilati baxımdan formalaşıb. Bu il Amerika Birləşmiş Ştatlarında keçiriləcək herontoloji konqresdə bu cəmiyyətin Ümumdünya Herontologiya və Heriatriya Cəmiyyətləri Assosiasiyasının tərkibinə daxil olması gözlənilir".

U.Həşimova bildirib ki, keçən əsrin 80-ci illərində sovet-amerika akademik layihəsi əsasında uzunömürlülük fenomenini öyrənmək məqsədilə keçmiş SSRİ EA-nın Herontologiya İnstitutu (hazırda Ukrayna Tibb Elmləri Akademiyasının Herontologiya İnstitutu), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Antropologiya İnstitutu və ABŞ-ın İnsan İnstitutu ilə birlikdə Azərbaycanın bir sıra rayonlarında kompleks tibbi-bioloji və sosial-etnoqrafik tədqiqatlar aparılıb:

"Bizim İnstitut bu tədqiqatların nəinki iştirakçısı, eləcə də Azərbaycanda bu layihənin koordinatoru olub. Bu işlərin məqalə və külliyyatlarda dərc olunmuş nəticələri elmi dairələrdə böyük rezonans doğurmuşdu. Təəssüf ki, keçmiş SSRİ-nin dağılması ilə bu unikal layihə çərçivəsində aparılan işlər yarımçıq qaldı və 1992-ci ildən başlayaraq, uzunömürlülüyün populyasion aspektinin institutumuzun kiçik laboratoriyasında tamamilə məhdud həcmdə tədqiqi davam etdirilirdi. Vəziyyət 2014-cü ildə köklü dəyişikliyə uğradı, müasir demoqrafik tendensiyalar və respublikanın herontologiya sahəsində, xüsusilə qocalmanın fiziologiyası üzrə geniş miqyaslı tədqiqatlar aparmaq üçün unikal (insan) resursları nəzərə alınaraq, Azərbaycanda uzunömürlülük fenomeninin kompleks şəkildə öyrənilməsi yaxın 5-10 il üçün elmi prioritetlərdən biri kimi qəbul olundu. Bu haqda ilk dəfə AMEA-nın Prezidenti akademik Akif Əlizadə Azərbaycan alimlərinin 1-ci qurultayında öz proqram nitqində elan etdi və onun birbaşa dəstəyi ilə bizim institut tərəfindən uzunömürlülüyün fizioloji və molekulyar-genetik tədqiqatları üzrə 5 illik elmi-tədqiqat proqramı işlənib hazırlandı. Yüksək uzunömürlülük indeksinə malik olan populyasiyaların tibbi-bioloji tədqiqatları bu proqramın əsas tərkib hissələrindəndir".

U.Həşimova bildirib ki, uzunömürlülüyün kompleks tədqiqatlarının yeni mərhələsi yeni xarici partnyorların cəlb edilməsi ilə əlamətdar olub.

U.Həşimova qeyd edib ki, herontologiya sahəsində birgə tədqiqatlar aparmaq üçün son illərdə bu sahədə uğurlu addımlar atan Qazaxstanın Nazarbayev Universitetinin Həyat haqqında Elm Mərkəzi ilə, Qazaxstan Prezidenti İşlər İdarəsinin Tibbi Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər bağlanılıb.

Milli.Az 

12 aprel 2017
GO BACK