"Pis oxucu yoxdur. Sadəcə düşündüklərini məharətlə oxucuya çatdırmağı bacaran, yazıları ilə sevilən və bunu etməyi bacarmayan yazıçılar vardır".
Bunu Milli.Az-a açıqlamasında Azərbaycanda mövcud kitab bazarı və insanların guya az kitab oxuması ilə bağlı vəziyyəti şərh edərkən ekspert, naşir Şöhlət İxtiyaroğlu bildirib.
Onun sözlərinə görə, yaxşı kitab olsa, bu istər yerli, istərsə də xarici müəllifin olsun, oxucular onu mütləq oxuyarlar. Bunu son vaxtlar aparılan araşdırmalar da təsdiq edir: "Əslində "ölkədə oxucu yoxdur", "millət kitab oxumur" sözləri nə dərəcədə yersiz, əsassızdır. Həqiqətən də oxucuya yazdıqlarını sevdirən və bunu bacarmayan yazıçılar var. Düzdür, son illər ölkənin oxucu faizi heç də ürəkaçan deyildir. Ancaq bu heç də "yoxdur" anlamına da gəlməz. Görünən budur ki, yaxşı kitab həmişə oxunur".
Ekspertin fikrincə, son bir ildə ən məşhur xaricilərin əsərlərini də üstələyərək kitablarının satışı ilə rekord vuran azərbaycanlı yazıçınının kitabları buna ən yaxşı nümunə ola bilər: "Məsələn, bu baxımdan kitabları ilə oxucuların qəlbini ələ almağı bacaran, yazıları ilə cəmiyyətə yeni ruh verən, kitabları qısa müddətdə bestsellerə çevrilən yazıçı Rövşən Abdullaoğlunu nümunə göstərmək olar.
Onu Azərbaycanda son dövrlərin ən uğurlu yazıçısı da hesab etmək olar.. Onun bütün kitabları demək olar ki, bir neçə dəfə təkrar nəşr olunur. R.Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı ötən il ölkədə ən çox satılan kitab olub. Onun ilk nəşri martın 13-də işıq üzü görən "Relslər üzərinə uzanmış adam" romanı isə 2 həftə ərzində bestsellerə çevrildi.
Rövşən Abdullaoğlunun bu uğuru bir azərbaycanlı və eyni zamanda bir oxucu kimi bizi də çox sevindirir. Düşünürəm ki, Azərbaycanda həm belə potensialı olan yazıçılar, həm də onların oxucuları az deyil. Sadəcə kitab bazarı işinin düzgün, müasir tələblərə cavab verən şəkildə qurulmasına ehtiyac var".
Zərif Nisə
Milli.Az