ABŞ-ın "Tesla" və "SpaceX" özəl şirkətlərinin yaradıcısı və rəhbəri İlon Mask (Elon Musk) dünyanın istənilən nöqtəsini saniyədə 1 Gb sürətə malik internetlə təmin etmək üçün orbitə 4 mindən çox peyk buraxmaq istəyir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, iş adamı icazə üçün ABŞ-ın Rabitə üzrə Federal Komissiyasına müraciət edib.
İ. Maskın təklifində başlanğıc üçün 800 peyk buraxmaq və onların köməyi ilə ABŞ, Puerto-Riko və Vircin adalarını əhatə edəcək rəqəmli kommunikasiyaların orbital massivini yaratmaq nəzərdə tutulur. Zamanla orbitə çıxarılmış peyklər qlobal əhatəli yüksək sürətli interneti təmin edəcəklər. "Sistem bütün dünya üzrə fərdi, kommersiya, institusional, rəsmi və peşəkar ehtiyaclar üçün genişzolaqlı və kommunikativ xidmətlərin geniş spektrinin yaradılması üçün nəzərdə tutulub", - deyə şirkətin açıqlamasında bildirilir.
Geniş əhatəli peyk şəbəkəsi yaratmaq planları barədə ilk dəfə 2015-ci ilin yanvarında açıqlama verilib. O zaman İ. Mask layihəni 10 milyard dollar məbləğində qiymətləndirib. İşlərin icraçısı "SpaceX"in törəmə şirkəti "Space Exploration Technologies Corporation" olacaq. Layihənin maliyyələşdirilməsinə "Google" və "Fidelity Investments" şirkətləri də qoşulub və 1 milyard dollar yatırıblar.
Yaradıcıların sözlərinə görə, yeni sistem hazırda internet təminatı üçün istifadə edilən kabel, optik və digər üsulları əvəz edəcək. Sistemə qoşulacaq müştərilər saniyədə 1 Gb sürətə malik internetlə təmin olunacaq.
Layihəyə nə vaxt start veriləcəyi hələ dəqiqləşməyib.
Milli.Az