Sizi nə qədər narahat etsə də, burun tükləriniz sağlamlığınızı qoruyur. Onları qoparmaq ciddi sağlamlıq problemlərinə, hətta ölümə gətirib çıxara bilər.
Milli.Az bildirir ki, məsələ ilə bağlı metbuat.az-a açıqlamasında qulaq-burun-boğaz həkimi İlqar Əzimov bunları deyib:
"Burnun içərisindəki tüklər xarici hava kütləsindən gələn mikrobları saxlayır. Həmin hissə qan dövranı ilə zəngin olduğu üçün, ordan tükü qopartsanız, mikrob düşmə ehtimalı artır və nəticədə ciddi sağlamlıq problemləri yaranır".
Nyu-York Universitetinin professoru, qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Erik Voight burun tüklərinin həyati bir funksiya daşıdığını açıqlayıb. Burnumuzda iki tip tük var. Birincisi yaxından gördüyümüz vibrissa, digəri isə seliyi arxaya itələmə vəzifəsi daşıyan mikroskopik siliadır. Ön tərəfdəki tüklər, yəni vibrissalar burnumuza böyük parçacıqların qaçmasını əngəlləyir.
Burna qan daşıyan damarlar biraz yuxarılarda, beynə qan daşıyan damarlarla birləşir. Bu yolla yoluxacağınız bir infeksiya beyninizə çata və ciddi problemlərə yol aça bilər.
Mütəxəssislər xəbərdarlıq edir, burun tüklərinizi qətiyyən, qopartmayın.
Milli.Az