Quran və kainat Cənabi-Allahın iki ayrı kitabıdır. Bu səbəbdən onların bir-birinə zidd olması mümkün deyil. Bəli, Cənabi-Allahın KƏLAM sifətindən gələn Qurani-Möcüz ül-Bəyan Onun QÜDRƏT sifətinin təcəllisi olan bu əzəmətli kainat kitabının əzəli tərcümanı, şərh edən dili və açıq-aşkar dəlili, bürhanıdır. Quran kainat kitabını şərh etməkdə və işıqlandırmaqdadır. Başqa şəkildə desək, Qurani-Kərim təkvini əmrləri (Allah-Taalanın yaradılışla bağlı əmrləri), ilahi sirləri və ilahi icraatı bəyan etməkdədir.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Kainatı şərh və təfsir etdiyinə görə də haqq ilə batili bir-birindən ayıran o şanı uca kitabda kainatdakı hadisələri araşdıran bəzi elm sahələrinə işarələr vardır. Məhz buna görə də erkən dövrlərdən bəri iman, ibadət və əxlaq mövzularının yer aldığı ayələrlə yanaşı, elmi həqiqətlərə işarə edən ayələrin şərh və təfsiri ətrafında da müxtəlif mülahizələr dilə gətirilmişdir. Məsələn, hicri IV əsrin sonlarında yaşamış İbn Cərir ət-Təbəri həzrətlərinin bəzi ayələrin təfsiri ilə bağlı irəli sürdüyü fikirlərə baxsaq, bu təfsir və şərhlərin müasir elmi təsbitlərə yaxın olduğunu görərik. Bəli, bu böyük təfsir aliminin on bir əsr əvvəl irəli sürdüyü fikirlər və verdiyi şərhlər dövrünün elmi səviyyəsini çox geridə qoymuşdur. Məsələn, o, "Biz yüklü külək göndərdik" ("Hicr" surəsi, 15/22) ayəsinin təfsirində küləklərin bitkiləri tozlandırmasından bəhs edir. Ən maraqlısı da odur ki, bu ayənin küləklərin buludları "tozlandırmasına" və beləcə yağış əmələ gətirməsinə işarə etdiyini bildirmişdir. Halbuki, onun zamanında elm aləmi buludların müsbət-mənfi yüklərə malik olmasından xəbərsiz idi.
Təkcə İbn Cərir həzrətləri deyil, başqa təfsirçilər də təkvini əmrlərdən bəhs edən ayələr haqda bir çox maraqlı izah və təsbitlər ortaya qoymuşlar. Halbuki, son bir-iki əsrədək bu məsələ müstəqil bir elm sahəsi kimi araşdırılmamışdır.
Dövrümüzə gəldikdə isə Quranda yer verilən elmi məsələləri, bir az da pozitivist anlayışın təsiri altında daha ətraflı araşdırmağa başlamışlar. Məsələn, Qurani-Kərimi "Yusuf" surəsinə qədər təfsir edən və bu araşdırmasını on beş cilddə nəşr etdirən Məhəmməd Əbdüh elmi həqiqətlərə aid ayələrlə bağlı bəzi müasir şərhlər vermişdir. Onun istedadlı tələbələrindən Rəşid Rza da həmin təfsirin bəzi yerlərini təshih etmiş, qalan surələrin təfsirini də özü tamamlamışdır. Lakin bu təfsirdə əhli-sünnə vəl-camaatın ənənəvi təfsir anlayışına zidd şərhlər də vardır. Məsələn, "Fil" surəsində keçən, "(Rəbbin) onları (həşərat) yemiş əkin yarpağına döndərdi!" ("Fil" surəsi, 105/5) ayəsinin təfsirində müfəssir yazır ki, Əbrəhənin ordusu quşların atdıqları mikroblardan "cüdəri", yəni çiçək xəstəliyinə tutularaq həlak oldular. Halbuki, ayə istiarə ilə (bədii təsvir vasitəsilə) quşların atdığı daşların əsgərləri həşəratın yediyi yarpaqlar kimi dəlik-deşik etməsindən danışır.
Bu təfsirin nəşrindən qısa müddət sonra Tantavi Cövhəri "əl-Cəvahir" adlı təfsir qələmə alaraq elmə dair Quran ayələrini elmi-texniki sahələrin inkişafı fonunda təfsir etmişdir. Təfsirin bəzi yerləri istənilən səviyyədə olmasa da, Cövhəri bir çox ayəni müasir elmi inkişaf müstəvisində izah etməyə çalışmışdır. Buna baxmayaraq, təfsir mütəxəssisləri bu əsəri təfsirdən çox ensiklopediya kimi xarakterizə etmişlər. Mərhum Səid Həvvanın da bu sahədə fəaliyyətləri olmuşdur. Nəticə etibarilə, yaxın dövrdə bir çox alimin cəhd və səyi nəticəsində bu istiqamətdə yeni bir cığır açılmış, istər ölkəmizdə, istərsə də Ərəb dünyasında elmi təfsir sahəsində xeyli araşdırma aparılmışdır.
Bədiüzzaman isə öz əsərlərində bu mövzunun təfərrüatına girməmiş, Hz. Musanın əsasını daşa vuraraq su çıxarması və ya Hz. Süleymanın Bəlqisin taxtını gətirtməsi kimi o dövrdə tənqidlərə hədəf olan bəzi ayələrin izahını verməklə kifayətlənmişdir. Ancaq o, peyğəmbər möcüzələrinin fonunda ortaya qoyulan elmi həqiqətlərin bugünədək əlçatmaz olduğuna və insanları araşdırmaya təşviq edildiyinə işarə etmişdir ki, heç şübhəsiz, bu da mühüm bir təsbit və yanaşmadır.
Sonsuz Nur
Qiyamətdə zalımın aqibəti
Həzrəti Cabir (r.a.) söyləyir:
Dəniz yoluyla Həbəşistana getmiş mühacirlər oradan dönəndə Rəsulullah (s.ə.s.) onlara belə deyir:
- Həbəşistanda gördüyünüz qəribə şeylərdən Mənə də bəhs edərsinizmi?
Aralarından bir gənc:
- Əlbəttə, bəhs edərik, ey Allahın Rəsulu, - söylədi və bu hadisəni danışdılar:
- Bir gün oturmuşduq. Qoca bir rahibə də yanımızdan keçirdi. Onun başında böyük bir su küpü vardı. Oranın azğın gənclərindən biri arxadan rahibəyə yaxınlaşdı və əli ilə onun iki kürəyinin arasından möhkəmcə itələdi. Rahibə dizləri üstə yıxıldı, küp də başından düşüb qırıldı. Qadın yerdən qalxıb gəncə belə dedi:
- Ey zalım! Bu əməlinin nə olduğunu sabah - biri gün biləcəksən. Allah-Taalanın kürsünü qurub əvvəli və axırı bir araya topladığı, əllərin və ayaqların əməllərini söyləməyə başladığı qiyamət günündə sənin mənə etdiyin bu əməlin nə demək olduğunu görəcəksən.
Rəsulullah (s.ə.s.) belə buyurur:
- Doğru söyləyib, rahibə doğru söyləyib. Allah zəiflərin haqqını güclülərdən almayan bir ümməti niyə təmizləsin, niyə günahlardan arındırsın ki?!
Gör-götür dünyası
"Püf" nöqtəsi nədir?..
Qədim zamanlarda bir dulusçu və bir də bu dulusçunun bir şagirdi var idi. Bu şagird uzun illər idi ki, bu dulusçunun yanında şagirdlik edirdi. Nəhayət, bir gün şagird ustasından ayrılmağı qərara aldı. Məqsədi də özü ustalıq edib dükan açmaq idi. Ancaq nə yazıq ki, hər dəfə ustası ona:
- Sən hələ bu işin "püf" nöqtəsini bilmirsən. Ona görə, hələ bir az da öyrənməlisən, - deyirdi.
Ustasının nəsihətlərindən "cana doyan" şagird artıq dözə bilmədi və günləirn bir günü gedib özünə bir dükan açdı. Açmasına açdı, ancaq işləri heç də istədiyi kimi getmədi. Çünki min bir əziyyətlə düzəltdiyi dolçalar, kuzələr, küplər... hər dəfə necə olurdusa, çatlayırdı. Şagird də heç cür bu işdən baş aça bilmirdi. Nəhayət, bir gün o, ustasının yanına getdi və bütün başına gələnləri ona danışdı. Usta da əvvəlcə gülümsədi, sonra da:
- Axı mən sənə dedim, sən hələ bu işin "püf" nöqtəsini bilmirsən, - dedi.
Usta bunu deyib dəzgaha bir qədər palçıq qoydu. Sonra da üzünü şagirdə tutub:
- Dəzgahın arxasına keç və bir kuzə düzəlt, mən də sənə bu işin "püf" nöqtəsini öyrədim, - dedi.
Şagird də bir tərəfdən ayağı ilə çarxı fırlatmağa, bir tərəfdən də əli ilə palçığı "yoğurmağa" başladı. Usta isə arabir qarşısında fırlanan çanağa "Püf!" deyir və kuzəni çatladan hava qabarcıqlarını partladırdı. Beləcə, şagird də bu sənətin "püf" nöqtəsini öyrəndi. O gündən bir işin incəliyindən danışanda ona "püf" nöqtəsi" deyirlər...
Milli.Az