Avropa Parlamentinin nümayəndəsi, beynəlxalq dərəcəli hüquqşünas Aysel Həmidovanın Milli.Az-ın əməkdaşı İlkin İzzətlə söhbəti:
Aysel Həmidovanın Azərbaycan mediasına ilk müsahibəsi
- Sizi oxuculara necə təqdim edək?
- (Bir neçə saniyəlik pauzadan sonra) ... Sadəcə - Aysel Həmidova.
- Bəs Aysel Həmidova kimdir?
- (Daha uzun pauzadan sonra) ... Avropada yaşayan, əslən azərbaycanlı olan bir xanım.
- Avropada Aysel Həmidovanı nə ilə, hansı keyfiyyətlərinə və ya işinə görə tanıyırlar?
- Əsasən peşəsi, sənəti, işi ilə tanıyırlar. Mən ixtisasca hüquqşünasam. Yeri gələndə diplomat kimi çıxış edirəm. Təvazökarlıqdan uzaq olmasın, amma bu qazandığım mövqeyi də, şöhrəti də peşəmi gözəl bildiyimə görə əldə etmişəm. Aysel Həmidova bu gün Avropa Parlamentində peşəkar hüquqşünas və diplomat kimi çalışan bir xanımdır. Yəni mənim uğurlarım peşəmlə bağlıdır. Gənc olmağıma baxmayaraq, artıq dünyanın demək olar ki, bütün ölkələrində, hətta bəzilərində bir neçə dəfə olmuşam, həmin ölkələrin mühüm siyasi, rəsmi şəxsləri məni tanıyır, qəbul edir.
- Dediniz ki, dünyanın demək olar ki, bütün ölkələrini gəzmisiniz. Bəs heç olmadığınız ölkə var?
- Bu yalnız okeanda hansısa uzaq bir balaca adada və ya kiçik bir şəhərdən ibarət ölkələr ola bilər. Əgər varsa da, onlar əhəmiyyətli hesab edilmir və ya heç tanınmır. Yəni gəzdiyim ölkələrdə gördüklərimlə, öyrəndiklərimlə müqayisə etsək, çox şey itirdiyimi düşünmürəm. Amma ümid edirəm ki, yaxın gələcəkdə həmin ölkələrdə də olaram.
- Avropa Parlamentində sizdən başqa da azərbaycanlı kimsə çalışır və ya bunadək çalışıb?
- Məncə yox, çalışmayıb. Mənə elə gəlir ki, burada çalışan ilk azərbaycanlı məhz Aysel Həmidovadır. Amma bir şey var ki, mən azərbaycanlı hesab edilsəm də, damarlarımda azərbaycanlı qanı axsa da, Azərbaycanda doğulmamışam, orada böyüyüb boya-başa çatmamışam.
- Harda doğulmusuz? Harda təhsil almısınız?
- Norveçdə doğulmuşam. Uşaqlıq və yeniyetmə çağlarım bu ölkəyə təsadüf edir. Daha sonra həyatımın 4-5 ili Türkiyədə İstanbulda keçib. Sonra ailəmizlə birgə gəlib İtaliyanın kiçik, amma gözəl və rahat şəhərlərindən Ostunidə yaşamışıq. Amma artıq bir neçə ildir ki, ailəmizlə birgə bəzən dünyanın mərkəzi və ya gözü hesab edilən Romada yaşayırıq. Həyatımdan da, işimdən də məmnunam.
- Məndə olan məlumata görə, valideynlərimiz Azərbaycanda doğulublar, sonra Avropaya köçüblər.
- Bəli, onlar Azərbaycanda doğulublar. Valideynlərimin Avropaya gəlməsi və qalması isə tələbəlik illərinə təsadüf edir. Onlar əsl azərbaycanlıdırlar, qəlbən də Azərbaycana çox bağlı insanlardır. Ümumiyyətlə, bizim ailəmiz soyuna, kökünə, adət-ənənəsinə çox bağlıdır. Ailəmizdə hələ də hətta Azərbaycanın özündə belə çoxlarının unutduğu əsl milli adət-ənənələr qorunur saxlanır, onlara əməl edilir.
Valideynləriniz vaxtilə Azərbaycanda tanış olub ailə qurublar, yoxsa Norveçdə?
- Bəli, Noveçdə.
- Yeri gəlmişkən, ata-ananızın adları nədir?
- Atamın adı Ədalət bəy, anamın adı Məryəm xanımdır.
- Avropada doğulub boya-başa çatsanız da, Azərbaycan dilində yaxşı danışırsız...
- Bunun bir neçə səbəbi var. Əvvəla, bizim ailəmiz milli adət-ənənələri qoruyub saxlayan ailədir. Amma mən Azərbaycan dilini mükəmməl bilmirdim. Sonradan buna istəkmi, yoxsa zərurətmi deyək, bilmirəm, ondan doğaraq Azərbaycan dilini daha mükəmməl öyrənməyə çalışdım.
- Yaxşı, zəif də olsa, Azərbaycan dilini uşaqlıqdan bilirdiniz, yoxsa yeniyetməlikdən?
- Yox, bunu yalnız son illərin uğuru adlandırmaq olar.
- Ümumiyyətlə, hansı dilləri bilirsiniz?
- Əhəmiyyətli sayıla bilənləri...
- Onda gəlin sayaq...
- Bu bizim vaxtımızı çox almaz ki?
- Məncə yox. Gəlin sadalayaq...
- İngilis dilini mükəmməl bilirəm. Bundan başqa ərəb, norveç, fransız, rus dillərində oxuyur, yazır, danışıram. Təbii ki, italyan dilini bilirəm, sevdiyim dildir. İspan dili də sevdiyim dillərdəndir.
- Daha sonra?
- Başqaları da var, amma hamısını sadalamağa ehtiyac görmürəm. Bir şeyi qeyd edim ki, biz səfərlərə sakit oturmağa, istirahətə və ya hansısa muzeyə baxmağa getmirik. Mən çox azlıq təşkil edən şəxslərdənəm ki, görüşlərdə, tədbirlərdə tərcüməçidən istifadə etmirəm. hansı ölkədə oluramsa, onlarla sərbəst şəkildə, çəkinmədən dialoq qura bilirəm. Ola bilsin ki, hansısa dildə kobud olmasa da, müəyyən səhvlərə yol verim. Bu da əsasən yerli insanlarla ünsiyyət zamanı onların ləhcəsində danışarkən ola bilər.
- Bəs hansı dildə düşünürsüz?
- Mən italyan dilində düşünürəm. Amma düşündüklərimi Azərbaycan dilində də pis ifadə etmirəm... (gülür)
- İtaliyada, Norveçdə, eləcə də Avropanın digər ölkələrindəki digər azərbaycanlılarla dostluğunuz, ünsiyyətiniz varmı?
- Mən insanları sevirəm, həyatı sevirəm. Bununla bərabər, insanları özümə çox yaxın buraxmağı xoşlamıram. Amma bəli, dostluq etdiyim, ünsiyyət qurduğum azərbaycanlılar təbii ki, var. Həm azərbaycanlılarla, həm türklərlə, həm ərəblərlə və digərləri ilə çox gözəl münasibətlərimiz var. Dini bayramlarda biz bir yerdə oluruq. Bəzən yardım məqsədilə toplaşırıq. Yəni buradakı azərbaycanlılarla əlaqələrimiz var. Bunu da vurğulamaq istəyirəm ki, onlar həmişə mənə güvəniblər, hörmət bəsləyiblər, sözümü də yerə salmayıblar.
- Bəs xanım olmağınız sizə işinizdə, karyeranızda mane olmayıb ki? Heç təəssüflənmisinizmi ki, gərək mən qadın yox, kişi olaydım?
- Qətiyyən! heç vaxt buna təəssüflənməmişəm. Ümumiyyətlə, mən təəssüf hissi yaşamıram. Uğursuzluq qarşıma çıxsa belə mən onu yaşamıram.
- Sizin üçün uğur nədir?
- Hər hansı bir müşkül bir işi tamamlamaq mənim üçün uğurdur. Özü də onu məhz özüm edirəmsə və nəticəsini də görürəmsə, bu, artıq mənim üçün uğurdur. Nəticə də bilirsiz nə deməkdir? Həmin işin tamamlanmasının arxasında insanların taleləri, onların həyatı, sevinci dayanır.
- İşinizin əsas mahiyyəti nədən ibarətdir?
- İşimin əsasında beynəlxalq səviyyədə hüquqi müdafiə, siyasi mövqeyimin bildirilməsi və s. dayanır. Siyasi məsələni həll etmək isə iqtisadi razılıq əldə etməkdən dəfələrlə çətindir. Açığı bunu geniş ifadə etməkdə bir az çətinlik çəkirəm...
- Amma adətən hüquqşünas deyəndə göz önünə ilk növbədə hüquqi fəaliyyət, sənədlərlə iş, yaxud da kiminsə hüquqlarının müdafiəsi, vəkillik işləri gəlir.
- Mənim vəkillik fəaliyyətim də var. Amma bu, əsasən hələ iş stajımın olmayan vaxtlarına təsadüf edir. Mən daha enerjili, daha həvəsli idim. O vaxt mən buna ehtiyac duyurdum. İndi isə bu artıq adət halına keçib. Ümumiyyətlə, öz işimi sevirəm. İstənilən sahədə çalışmağı sevirəm. Yetər ki, lazımlı olum və hiss edim ki, məhz məndən asılı olan məsələlər var. Heç zaman öz işimdən yorulmamışam. Bayaq soruşdunuz ki, qadın olduğuma görə peşman deyiləm ki? Düşünürəm ki, mənim qədər çalışan hər hansı bir şəxs yorğunluğunu dərhal büruzə verərdi, amma mən yox. Bundan narazı da deyiləm. Tutaq ki, səfərdən evə dönməmiş oradan birbaşa başqa səfərə də gedirəm. Düzdür, belə iş rejimi səhhətimdə bəzən müəyyən problemlər yaradır, buna baxmayaraq, işimi çox sevirəm.
- Siz həftə ərzində bəzən həm Amerikada, həm Asiyada, həm Afrikada, daha sonra da Avropada olursuz. Bu isə istər-istəməz yuxusuzluq, qida rejiminin pozulması deməkdir. Bu qədər çətinliyə, təzyiqə necə dözürsüz?
- Düzdür, dediyim kimi, səhhətimlə bağlı çətinliklərim olur. Amma bu işdir. Burada geriyə addım atmaq olmaz.
- Adətən xanımlar daha incə, zərif məxluqlar hesab edilirlər. Onlar daha tez yorulurlar, daha çox qayğıya, istirahətə ehtiyacları olur, naz-qəmzəyə daha çox meyllidirlər.
- Elə mən də özümü o cür qadınlardan hesab edirəm... Amma işimi də sevirəm. (gülür)
- Bildiyim qədər şəxsi biznesiniz də var. Elədir?
- Bəli var, amma mən bu haqda danışmağı sevmirəm...
- Siz həm Avropa Parlamentində işləyir, həm vəkillik edir, həm bizneslə, eyni zamanda diaspor və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olursunuz. Bildiyimə görə, bundan əlavə hələ bəzi hobbiləriniz də var. Elədir?
- Bəli, var.
- Onlar nədən ibarətdir?
- Bəlkə də hamısını sıralasam, çox vaxt aparar... (gülür)
- Hər halda gəlin cəhd edək...
- Məsələn, rəsm çəkməyi, şeir yazmağı çox sevirəm. Son illərdə aparatla foto çəkməyi də xoşlayıram. İnsanlar çox zaman öz fotoşəkillərini çəkib sosial şəbəkələrdə paylaşmağı sevirlər. Düzdür, mən də son zamanlar bəzən bunu edirəm, amma daha çox getdiyim ölkələrdə rastlaşdığım maraqlı, gözəl, düşündürücü şeylərin, hadisələrin fotolarını çəkib paylaşması daha çox sevirəm. Bir də sevirəm ki, paylaşdıqlarımın altında məhz öz imzam olsun.
- Bəs idman?
- İdman mənim sağlamlığım üçündür. İnsanlar bilməlidir ki, onların sağlamlığını qoruya biləcək şeylərdən biri də idmandır və bunu təbliğ etmək lazımdır.
- Başqa?
- Qolf oynamaqdan, at çapmaqdan zövq alıram. Sürəti, avtomobili sürətlə idarə etməyi, ekstrimi çox sevirəm. Bundan əlavə, əvvəllər boş vaxtlarım nisbətən çox olanda oturub pianoda da ifa edərdim...
Mənim yaxşı əl qabiliyyətim də var. Lazım gələndə evdarlığı da bacarıram. Bəlkə də çoxları bunu absurd hesab edəcək, amma bu belədir. Məncə bəs edər... (gülür)
- Belə çıxır ki, Aysel Həmidova həm də gözəllik aşiqidir...
- Mən ümumilikdə həyatı, insanları çox sevirəm! Bəli, gözəl olan hər şeyi sevirəm! Mənə belə gəlir gözəl olan nə varsa, onları öz ətrafımda cəmləşdirməyi də bacarıram.
- Sizi ən çox sevindirən və kədərləndirən nədir?
- Həyatım məni sevindirir, bütün bəhs etdiklərimizin hamısı sevinməyimə səbəbdir. Mən yarpağın ağacdan qopub düşməsinə də sevinə, yaxud da əksinə, kədərlənə bilərəm. Başqalarının sevincinə sevinib, kədərinə kədərlənə bilən insanam. Açığı başqalarının kədərlənməsini görmək istəmirəm, çünki bu adamı çox incidir. Həmin an o insanın taleyini içimdə yaşayıram...
- Yeri gəlmişkən, ailəlisiniz?
- Xeyr.
- Səbəb nədir? İşlərin çoxluğu, vaxtın azlığı, yoxsa digər məsələlər?
- Yox, işlərin çoxluğunun şəxsi həyata aidiyyatı yoxdur. Ən azından bunu səbəb kimi göstərilməsini qəbul etmirəm. Yəqin hələ ailə quracağım insana rast gəlməmişəm. Sevmədən ailə qurmaq olmaz. Qətiyyən! Ola bilsin ki, gözümü şöhrət, ətrafımda olan sevgi o qədər tutub ki, başqa şeyə ehtiyac duymuram. Çünki ehtiyacım olan şeylərin hamısı həyatımda var.
- Dediniz ki, ərəb ölkələrinə dəfələrlə səfər etmisiz. Bildiyimə görə, Məkkədə də olmusunuz. Məkkədə Həcc ziyarəti məqsədilə olmusunuz, yoxsa işlə bağlı?
- İş məqsədilə də olmuşam, amma ziyarət məqsədilə də dəfələrlə olmuşam. Atamla da olmuşam, tək də getmişəm.
- Deməli, siz həm də müsəlman bir xanımsız...
- Əgər belə demək olarsa, bəli. Bilmirəm bu kənardan necə görünür və buna necə nail oluram, amma çalışıram ki, bacardığım qədər müsəlman xanımı olum. Hər halda bu ürəyimdə olan sevgi qədərdir. Şəxsən mən belə başa düşünürəm.
- Bəzən deyirlər ki, Avropada bəziləri dini mənsubiyyətinə görə ayrıseçkiliyə məruz qalır. Bu belədirmi? İslam dininə mənsubiyyət həqiqətən Avropada problem yaradırmı?
- Bu deyilənlərdən mənim də xəbərim var. Əgər söhbət yaşadığım ölkədən - İtaliyadan gedirsə, yox, burada belə bir şey yoxdur. Hər halda mən belə bir problem yaşamamışam və şahidi də olmamışam.
İtalyanlar xaraktercə, eləcə də ənənələr baxımından azərbaycanlılara çox yaxındırlar. Onlar istiqanlı insanlardır. Bu, bizdə də var. Onların qonaqpərvərlikləri, mehribanlığı, hətta çılğınlıqları belə bizimkinə çox bənzəyir. Müşahidə etmişəm, italyanların söhbət edərkən yüksək səslə, əl-qolla danışaraq qarşısındakına nəyisə izah etməyə çalışması bizdə - azərbaycanlılarda da var. Onların əxlaq barədə düşüncələri, yanaşması da bizə çox yaxındır. Onlar hətta ailə, əxlaq münasibətlərində bizdən daha sərt yanaşırlar. İtalyanlarda ailə institutu çox güclüdür.
- İtalyanlardan ailəvi dostluq etdikləriniz, gediş-gəlişiniz olanlar varmı?
- Biz hamımız ailəlikcə iş adamlarıyıq deyə çox zamanımız olmur. Buna baxmayaraq, dostluq etdiklərimiz var. Axı biz özümüzü insanlardan təcrid etməmişik. Onların əksəriyyəti heç bizim kökümüzün haradan gəldiyini belə bilmirlər. Yəni bizi sadəcə özünkü kimi qəbul edirlər. Mənim bir çox ölkədən, o cümlədən İtaliyadan olan tələbə yoldaşlarım var. Çox istiqanlıdırlar. İtalyanlar digər millətlərə nisbətən bizə çox yaxındırlar.
- Bayaq dediniz ki, İstanbulda da müəyyən qədər yaşamısınız. Bu nə ilə bağlı olub?
- Həm təhsillə, həm də işimlə. Mən orda yaşamaya da bilərdim, amma iş elə gətirdi ki, 4 il də orda yaşadım və buna peşman da deyiləm.
- Sizin üçün nisbətən fərqli, daha gözəl olan ölkə varmı? Yoxsa düşünürsüz ki, hər ölkənin özünə görə fərqliliyi, gözəlliyi var?
- Təbii ki, hər ölkənin özünəməxsus ayrıca gözəlliyi var. Olmadığım ölkələr barmaqla sayılacaq qədərdir. Məncə getdiyim ölkələrin mədəniyyətini də, ənənələrini də bilirəm. Otellərdən daha çox kimlərinsə evində qonaq qalıram. Bunu da bilərəkdən edirəm. Çünki aylarla oteldə qalmaqla sən o ölkə haqqında heç öyrənə bilməzsən, amma bircə gün kiminsə evində qalmaqla oranın mədəniyyətinin, tarixinin müəyyən hissəsini öyrənmiş olursan.
Bir şeyi də deyim. Bütün dünyanı gəzmişəm, amma heç bir yerin mətbəxi Azərbaycanınkı kimi deyil, heç bir yerdə bizimki kimi dadlı yeməklər yoxdur. Yəni mənim üçün ən fərqli şeylərdən biri öz mətbəximizdir. Mənim belə zərif, incə görünməyimə baxmayın, mən ləziz, dadlı yeməkləri çox sevirəm. (gülür)
- Bəs Azərbaycanda tez-tez olursuz?
- Bəlkə də çoxlarına təəccüblü gələr, amma son illərə qədər Azərbaycanda heç vaxt olmamışdım. İlk dəfə dövlət xətti ilə dəvət əsasında 2010-cu ildə qısa müddətli ezamiyyətə getmişdim. O zaman demək olar ki, heç yeri görə bilmədim. Amma 2014-cü ildən bəri Azərbaycanda bir neçə dəfə, hətta bir çox rayonlarında olmuşam.
- Azərbaycana gələndən sonra tarixi Vətənlə bağlı hisslərinizdə nə dəyişdi? Nə sizi sevindirdi, nə sizi peşman etdi?
- Yox mən heç zaman peşman olmuram. Əgər nəyinsə nəticəsi, sonluğu yaxşı alınmırsa, deməli mənə görə elə olur.
Amma Azərbaycanda olandan sonra indi artıq ora barədə daha çox anlayışım var. Səfərlərim isə həm işlə və müəyyən dəvətlərlə bağlı olub, həm də sadəcə istirahət məqsədilə.
- Bu qədər aktiv fəaliyyətinizin olmasına baxmayaraq, mediada çox görünmürsüz. Hətta deyərdim ki, demək olar ki, görünmürsüz. Nədir bunun səbəbi - güvənsizlik, yoxsa üzdə olmaq istəməmək?
- Mənim üzdə olmağa ümumiyyətlə ehtiyacım yoxdur. Bunu sevmirəm. Çünki bu mənə əlavə heç nə verməyəcək. Öz həyatımı yaşayıram, işlərimlə məşğulam. Mediadan çox az münasibət saxladığım şəxslər var. Çox az. Amma güvəndiyim ümumiyətlə yoxdur. Güvənsizliyim var. Ötənlərdə Azərbaycan haqqında geniş məlumatım olmadığım vaxtda bir jurnalist mənimlə adicə yazışıb söhbət elədi. Mən bu söhbətin media üçün olduğunu qətiyyən bilmirdim. Sonra onu xəbərim olmadan müsahibə kimi yaydı. Bu məni çox əsəbiləşdirdi. Hətta o yazıda özüm özümü tanımadım. Guya mən çox böyük gücə malik imişəm, əstəğfrullah, az qala Allah imişəm...
Mən şou adamı deyiləm. İnsanlar məni tanısa nə olacaq, tanımasa nə olacaq? Düzdür, müəyyən dairələrdə müəyyən qədər tanıyırlar, amma heç zaman çalışmıram ki, məni tanısınlar. Təbii ki, istər-istəməz insanlarla üz-üzə gəlirəm, ünsiyyətda oluram və etdiklərim, edəcəklərim müsbət və ya mənfi əks-səda doğurub. Bu da istər-istəməz insanı tanıtmağa aparır.
- Bəs İlkin İzzətə nə əcəb müsahibə verməyə razılaşdınız?
- Yəqin ki, qazandığınız güvənə, inama və etibara görə. Deməli, bu da onun gücüdür...
- Onda belə çıxır ki, bu, sizin medaiaya ilk müsahibənizdir?
- Azərbaycan mediasına bəli, ilk müsahibəmdir.
- Qarşınızda hansı məqsədlər qoymusuz? Sizin də çoxları kimi dövlət başçısı olmaq və ya öz biznes imperiyanızı qurmaq kimi məqsədləriniz var?
- Dövlətə, millətə kömək etmək üçün mütləq prezident olmağa ehtiyac yoxdur. İnsanlar prezidentin ətrafında birləşsələr, bacardıqlarını etsələr, daha yaxşı olar. Yəni heç kim gözləməsin ki, gələcəkdə mütləq prezident olacaq və bundan sonra nəsə edəcək.
Yeri gəlmişkən, artıq bütün dünya bilir ki, Azərbaycanın dahi bir şəxsiyyətin davamçısı olan, çox vətənpərvər, uğurları bitməyən prezidenti var. Məncə, millət üçün nəsə etmək istəyənlərə yetər ki, onun ətrafında birləşsinlər. Yəni xalqı üçün nəsə yaxşı bir şey etmək istəyənlər mütləq prezident olacağını gözləməli deyillər.
Mənim məqsədlərim var. Məsələn, hazırda 17 ölkəni əhatə edən böyük bir siyasi layihə üzərində iş gedir. O layihə mənə təkliflərimlə, görəcəyim işlərlə böyük uğura gətirə, istəməsəm belə, imkanlarım indikindən daha çox, geniş ola bilər. Məqsədim o layihə ilə böyük uğurlar qazanmaqdır.
Mənəvi baxımdan isə məqsədim Allahın rizasını qazanmaqdır. Bu, davamlı olub və inanıram ki, Allah ömür versə, bundan sonra da davam edəcək. Amma etdiklərimin qarşılığını gözləmək qətiyyən xasiyyətimə uyğun deyil. Düzdür, həyatda çox iddialı insanam və mənim üçün orta olan heç nə yoxdur. Mənim üçün bir şey ya var, ya da yoxdur. Ya o şey çox olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Amma böyük biznes iddiasında deyiləm. Ümumiyyətlə, mən qadın və biznesi yanaşı tuta bilmirəm. Xüsusən də böyük biznesi qadına yaraşdırmıram. Qoy qadının biznesi onun savadı, təhsili, incə qəlbi olsun. Deyəcəksiz, axı sizin də biznesiniz var. Biznes mənim üçün sadəcə olaraq bir hobbidir. Mən biznesə heç vaxt oradan mütləq qazanc götürmək məqsədi ilə yanaşmamışam, qazandıqlarımı da birə-bir haralarasa sərf edirəm. Yəni Allahın verdikləri ilə kifayətlənəm adamam və düşünürəm ki, onları ehtiyacı olanlarla bölüşməliyəm...
- Sizə İtaliyada dövlət qurumlarında və ya digər ölkələrdə hansısa vəzifə tutmaq təklif olunub?
- Çox olub. Hətta birbaşa nazir postu təklif edilib. Yaxın ölkələrdən də belə bir təklif almışam. Amma fikirləşmişəm ki, indiki mövqeyim həmin o nazir vəsifəsindən daha yüksəkdədir. Mənim imkanlarım daha genişdir. Düzdür, nazir vəzifəsi özü yüksək mövqedir, amma hazırda mənim ölkələrə birbaşa çıxış imkanlarım daha çoxdur, daha genişmiqyaslı, daha əhatəlidir. Belə təkliflər Avropada da, ərəb ölkələrində də olub. Amma hazırki məsuliyyətlərim, yerim mənə kifayət edir və bu işimdən zövq alıram.
- Xarici ölkələrdə əsasən kimlərlə görüşürsüz?
- Görüşlərim dövlət başçıları ilə də, nazirlər səviyyəsində də, səlahiyyətli nümayəndələrlə də olur. Hər halda görüşlərim həmin ölkəni idarə edən, mühüm qərarlar qəbul edən insanlarla olur.
- Məsələn, inkişaf etmiş və aparıcı dövlətlər hesab edilən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Rusiya və digərlərinin dövlət və hökumət başçıları ilə görüşləriniz olub?
- Olub, çox olub. Məsələn, elə ABŞ prezidenti Barak Obama ilə çoxlu görüşlərimiz olub. Qalanlarını isə artıq saymağa ehtiyac görmürəm. Bəlkə də başqaları günlərlə bunun sevincini yaşayardı, amma yəqin ki, gənc yaşlarımdan bu sahədə olduğum üçün belə şeylər mənim üçün adiləşib. Bununla yanaşı, bu görüşlərin əhəmiyyətini və dəyərini də gözəl anlayıram.
- Neçə yaşından bu sahədəsiniz?
- Mən artıq hələ tələbəlik illərindən bilirdim ki, kim olmalıyam. O zaman qarşıma ciddi məqsədlər qoymuşdum. Bəzən düşünürəm ki, hamı kimi yeniyetməlik, gənclik yaşamamışam. Başqaları vaxtını əyləncələrə sərf edəndə mən hər zaman oxumuşam, üzərimdə işləmişəm. Bu gün isə çəkdiyim həmin əziyyətin bəhrəsini görürəm, onu böyük zövqlə hiss edirəm.
Tələbə olanda o qədər ciddi idim ki, mənə yaxın düşməyə belə cəhd etmirdilər, hətta çəkinirdilər. Bilmirəm niyə, amma çoxları elə bilirdi ki, mən hansısa ölkə prezidentinin və ya kralının qızıyam. Amma əslində daxilən çox sadə insanam. Düşünürdüm ki, axı bunu hansı kobudluq nəticəsində qazanmışam?
- Bəlkə kənardan quru insan təsiri bağışlamısız və ya çox sərt insan kimi görünmüsünüz, ona görə? Yeri gəlmişkən, sərt insansınız?
- Mən çox sərt, həddindən çox tələbkar və dəqiq insanam. İşdə də, həyatda da. Hərtərəfli. Və mən bağışlamağı bacarmıram... Yəqin ki, bu mənim qüsurumdur. Səhvləri bağışlamıram. Çünki biz o yaşda deyilik ki, düşünmədən nəsə edək. Deməli, biz düşünüb nəyisə edirik. Əgər kimsə onun nəticəsinin yaxşı olmayacağını bilirsə və yenə edirsə, bunu niyə bağışlamalıyam?! İstəyirəm ki, verdiyim alım. Yəni mən sənə qarşı dəqiqəmsə, eyni dəqiqliyi səndən də tələb edirəm.
İndiki gənclər əyləncə ruhlu insanlarla kontaktda, münasibətdə olmağı daha çox sevirlər. Bu isə məni qane eləmir. Əksinə, elə məclislər, elə xasiyyətli insanlar məni tez yora bilər. Bayağı əyləncələr qətiyyən mənlik deyil. Ona görə də elə yerlərdən və insanlardan kənar gəzirəm.
17 mart 2017