1937-ci ildə Astara rayonunun Pensər kəndində anadan olan və 1954-cü ildə ailə quran Rəfiqə Qəhrəmanova soyadı kimi özü də qəhrəman anadır.
Hazırda Şəikəran kəndində yaşayan Rəfiqə ana 14 qız, 6 oğlan olmaqla, ümumilikdə 20 övlad dünyaya gətirib. Lakin uşaqlardan 2-si doğulduqdan bir-iki ay sonra vəfat edib və nəticədə bu ailədə 18 uşaq böyüyərək boya-başa çatıb.
İki dəfə "Qəhrəman ana" adı alan Rəfiqə Qəhrəmanovanın ilk övladının 61, sonbeşiyinin isə 35 yaşı var.
1998-ci ildə həyat yoldaşı vəfat edən Rəfiqə Qəhrəmanovanın 60 nəvəsi, 52 nəticəsi var. Deyir ki, bütün uşaqlarını səbrlə və qayğı göstərərək böyüdüb.
8 Mart qadınlar günü münasibətilə təbrik etmək üçün bütün övladları - nəvə-nəticələri onun başına yığışıb. Həm də bu gün 80 yaşı tamam olan qəhrəman ana onun üçün ən gözəl hədiyyənin övladlarının sağlamlığı olduğunu deyir.
Kənddə ağbirçək qadın kimi qəbul edilən Rəfiqə Qəhrəmanova övladları ilə yanaşı, digər gənc ailələrə də nəsihətlər verir, onlara ən böyük dəyər olan ailə məsələlərindən danışır.
Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Milli.Az