Milli.Az lent.az-a istinadən Mirmehdi Ağaoğlunun yazısını təqdim edir
İslama xüsusi rəğbət duyduğunu "Qurana nəzirə" şeirindən bildiyimiz Aleksandr Sergeyeviç Puşkin Qafqaz sürgünündən qayıtdıqdan sonra "Peyğəmbər" şeirini (1826-cı ildə) yazmışdı.
Şeir Hz. Məhəmmədə həsr olunmuşdu.
Şeirin zamanında cəmiyyətdə geniş əks-səda doğurmuşdu. Hətta daha sonralar Dostoyevski, Bulqakov və başqaları tərəfindən çox yüksək qiymətləndirilmişdi.
Mütəxəssislərin fikrincə şeir sürgünündən qayıtmış şairin Çara xitabı idi: "Şair də peyğəmbərdi, ona toxunmaq olmaz. Onun da sözləri vəhydir, ilahi kəlamdır."
Puşkin şairlə peyğəmbəri eyniləşdirmiş, onu ucaldaraq dünya hakimi olan çarlardan, hökmdarlardan da yüksək mərtəbəyə qaldırmışdı.
Şairin rus araşdırmaçıları şeirin Məhəmməd peyğəmbərə həsr olunduğu da o qədər qabardılmır.
Puşkinin eramızdan əvvəl VIII əsrdə yaşamış yəhudi peyğəmbəri Yeşayanın obrazını yaratdığını deyirlər. Yeşaya yəhudilərin böyük peyğəmbərlərindən sayılır. Məhz o Məsihin gələcəyini müjdələyib.
Bibliyaya görə Yeşayanın gözünə görünən mələk müqəddəs qurbangahdan götürdüyü odla onun ağzına toxunur. Bundan sonra Yeşaya təmizlənib, paklanır. Və peyğəmbərliyə başlayır.
Amma şeiri oxuyanda gözümüzün önündə peyğəmbər barədə olan məşhur "Şarhı-Sadr" hadisəsi canlanır.
Əslində "Peyğəmbər" şeiri həmin məşhur "Şarhı-Sadr" hədisinin poetik dillə ifadəsidir. Şairin gəldiyi nəticə də olduqca dəqiq və dolğundur.
Əslində bu hədisin həqiqətdə baş verib-verməməyi önəmli deyil. Vacib olan onun simvolik mənasıdır. İlahi sözü insanlara çatıdacaq şəxsin adi insanlardan seçilməsi, onun arınıb təmizlənməsi gərəkdir.
Hadisə bu cürdür: Balaca Məhəmməd bir bahar günü süd qardaşı Abdullahla quzuları otarırmış. Quzuları qovmaqdan yorulan uşaqlar çəmənlikdə uzanıb dincəlirlər. Abdullah yuxuya dalır. Kiçik Məhəmməd də onlardan xeyli uzaqlaşmış quzuları qaytarmaq üçün dallarıyca qaçır.
Bir qədər getdikdən sonra qarşısına ağ geyimli iki adam (onların insan cildinə girmiş mələk olduqları deyilir) çıxır. Ağ geyimli adamlardan biri o birinə deyir ki, bu odurmu? O biri "hə" deyir. Ağ geyimli qanadlı adamlardan birinin əlində içi qarla dolu qızıl tas olur. Onlar Məhəmmədi tutub çəmənin üstünə uzadırlar.
Ağrısız şəkildə sinəsini yarıb ürəyini çıxarır, içindəki laxta qan parçasını kənara tullayır, sonra ürəyinə nurdan möhür vuraraq yenidən sinəsinə qoyurlar. Sonra qarın boşluğunu yarıb təmizləyirlər.
Yuxudan ayılanda qardaşının başına bu işlərin gəldiyini görən Abdullah tez evə qaçaraq əhvalatı anasına danışır. Peyğəmbərin süd anası Həlimə və əri hadisə yerinə gələndə balaca Məhəmməd ayaq üstəymiş və üzü gülürmüş.
Ondan nə baş verdiyini soruşanda o başına gələnləri danışır.
İslamda peyğəmbərin sinəsinin yarılması və daxilinin təmizlənməsi hadisəsinin üç dəfə baş verməsi qeyd olunur. Bunlardan biri lap körpə olan zaman, ikincisi, dediyimiz bu hadisə, üçüncüsü də Merac gecəsi baş verib.
Hətta "Əl-İnşirah" ("Açılma və ya genişlənmə") surəsinin birinci ayəsinin ("(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)") bu hədisə işarə olduğunu deyənlər də var. Bir çox islam mütəxəssisləri isə bununla razılaşmır, bu ayədəki "genişlətmək" felinin məcazi mənada olduğunu deyirlər.
"Şarhı-Sadr" hadisəsi islamda qəbul olunur. Və bu hadisənin məcazi mənası da bundan ibarətdir ki, "Şarhı-Sadr" Məhəmmədə peyğəmbərlik verməmişdən əvvəl onu seçilmiş etmək, sıravi insanlardan fərqləndirmək üçün, qəlbindən şeytanı bir dəfəlik qovmaq üçün baş verib.
Şeir də bunu demirmi? Quzu otaran uşağa uşağa altıqanadlı mələk yanaşır və onun bütün üzvlərini qulaqlarını, gözlərini, ağzını adi insani çirkinlikdən təmizləyir. Bax, bundan sonra o yenidən dirilir. Artıq insanlığa Tanrı sözünü çatdırmağa hazırdır.
Peyğəmbər
Ruhumu təngidən bir yanğıyla mən,
Sərgərdan gəzirkən kimsəsiz düzdə,
Yollar ayrıcında çıxdı qəfildən
Altıqanad mələk yolumun üstə;
Əliylə gözümə elə toxundu -
Hürkmüş bir qartalın ayıq gözütək
Açılıb gözümdə nurlandı bəbək.
Elə ki, toxundu qulaqlarıma -
Səs-küylə doldurub çəkdi tarıma:
Aydınca eşitdim göyün səsini,
Orda mələklərin süzməyini də.
Çöldə tənəklərin titrəməsini,
Suda dənizlərin üzməyini də.
Hələ tərpənməmiş durduğum yerdən
Əyilib ağzıma saldı əlini;
Çəkib boğazımdan çıxartdı birdən
Günahkar dilimi, şeytan dilimi.
Ağzımın beləcə keyimiş vaxtı
Hikmət iynəsini - ilan dilini
Gətirib dilimin yerinə taxtı.
Sonra bir qılıncla köksümü yarıb,
Titrək ürəyimi ordan çıxarıb,
Yerinə köz qoydu, alışan bir köz,
Dedi: bundan belə bu ağrıya döz.
Qaldım meyid kimi kimsəsiz düzdə.
Tanrı dilə gəldi başımın üstdə:
"Oyan, ey peyğəmbər, həm gör, həm eşit, -
Mənim istəyimlə get dolan rəşid;
Sən ellər dolaşıb, dənizlər adla,
Bəşər ürəyini sözünlə odla!"
Şeir "Aleksandr Sergeyeviç Puşkin. Seçilmiş əsərləri " kitabından götürülüb (Bakı 2012). Kitabın tərtibçisi və tərcüməçisi Eyvaz Borçalıdır.
Milli.Az