Qadin.NET / İtaliyalı jurnalist Xocalı həqiqətlərindən yazdı

İtaliyalı jurnalist Xocalı həqiqətlərindən yazdı

İtaliyalı jurnalist Xocalı həqiqətlərindən yazdı

İtaliyanın "L'Opinione" qəzetinin saytında jurnalist Domeniko Letisiyanın müəllifi olduğu "Biz Xocalı soyqırımını unutmuruq" adlı məqaləsi verilib.

Məqalədə fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin işğal edildiyi bildirilir. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun dəstəyi ilə şəhərə hücum etməkdə məqsədi Xocalıda qətliam törətmək, əhalini ərazidən didərgin salmaq və etnik təmizləmə siyasətini həyata keçirmək idi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yazıda Xocalı şəhərinin yerlə-yeksan edildiyi, qətliam zamanı 613 azərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın qətlə yetirildiyi barədə məlumat verilir. Bu faciə nəticəsində 487 nəfərin əlil olduğu, 1275 nəfərin itkin düşdüyü diqqətə çatdırılır.

Müəllif Ermənistan prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas De Vaalın "Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında" adlı kitabındakı etirafını oxucuların diqqətinə çatdırır: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi qıra bildik". Erməni müəllif Markar Melkonyan qardaşı, Xocalı soyqırımının törədilməsində şəxsən iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyana həsr etdiyi kitabda ermənilərin Xocalı sakinlərini qətlə yetirməsini təfərrüatı ilə təsvir edib.

Yazıda qeyd edilir ki, Ermənistanda ultra-millətçi rejimin ictimaiyyətdə Azərbaycana qarşı nifrət ideologiyasını təbliğ etməsinə baxmayaraq, bu ölkənin bəzi insan haqları müdafiəçiləri Xocalı soyqırımına görə açıq şəkildə Azərbaycandan üzr istəyiblər.

Müəllif yazır ki, 2016-cı ilin noyabr ayında Bakıda həm Ermənistandan, həm də Azərbaycandan çoxsaylı fəal insan haqları müdafiəçilərinin iştirak etdikləri "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış" adlı sülh konfransı keçirilib. Konfransdan əvvəl Ermənistan təmsilçiləri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımına görə üzr istəyib və paytaxt Bakı şəhərində soyqırımı ilə bağlı abidəni ziyarət ediblər. Son zamanlar məşhur yazıçı Anna Paytyan Xocalı soyqırımını ictimai şəkildə qınayan erməni fəalları siyahısına daxil olub.

O, Xocalıda törədilənlərin soyqırımı olduğunu təsdiqləyib. Bu soyqırımının törədilməsində iştirak etmiş Ermənistan hakimiyyət orqanlarının nümayəndələrini, xüsusən də öz bəyanatlarında "biz ermənilərin körpələrə toxuna bilməz stereotipini qırdıq" deyən hazırkı prezident Serj Sarkisyanı qınayıb və azərbaycanlıların öldürülməsini vətənpərvərlik və ermənilərə olan sevginin nümayişi kimi qələmə verən hər kəsi sərt tənqid edib.

Məqalədə vurğulanır ki, Xocalı hadisələri və Ermənistan tərəfindən törədilən cinayətlər həqiqətən bütün insanlığa qarşı cinayət hesab oluna bilər və bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməlidir. Təəssüf ki, Ermənistanın hakimiyyət orqanları Xocalı soyqırımı üçün üzr istəyən və münaqişənin dərhal həllini tələb edən fəalların və ziyalıların çağırışlarına əməl etmək istəmirlər. Əksinə, bir çox fəal Ermənistan rejimi tərəfindən kəskin hücumlar və gördükləri işlər üçün ağır təzyiqlərə məruz qalır və bəziləri daimi olaraq ölkədən qaçmağa məcbur olub.

Milli.Az

26 fevral 2017
GO BACK