Daxili İşlər Nazirliyi Polis Akademiyasında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edib.
DİN-in mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumatı təqdim edirik:
Vakant yerlər:
- Dövlət və hüquq nəzəriyyəsi, cinayət hüququ, mülki hüquq, kriminalistika, cinayət prosesi, daxili işlər orqanlarının inzibati fəaliyyəti, daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti kafedralarının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş olmalıdır);
- Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə bitirmiş olmalıdır);
- Hərbi kafedranın müəllimi (bu vəzifəyə namizəd hərbi təhsil müəssisələrini və ya dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirmiş olmalıdır);
- Daxili işlər orqanlarında xüsusi texnika kafedrasının müəllimi (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrinin texniki istiqamətlər üzrə magistr pilləsini bitirməli, kompüterdə mükəmməl işləmək bacarığına malik olmalıdır);
- Fiziki hazırlıq kafedrasının baş müəllimi (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrinin magistr pilləsini idman ixtisasları üzrə bitirməli, əlbəyaxa döyüş növləri üzrə idman dərəcəsinə və məşqçilik təcrübəsinə malik olmalıdır);
- Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının müəllimi (bu vəzifəyə namizəd riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə dövlət ali təhsil müəssələrinin magistr pilləsini bitirmiş olmalıdır);
- Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında mühəndis-proqramçı (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphy proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri haqqında biliyə malik olmalıdır);
- Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında mühəndis-elektronçu (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphy proqramlaşdırma dillərində işləmək təcrübəsi, MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri, həmçinin kompüterlərin cari təmiri və servis xidmətləri haqqında bilik və təcrübəyə malik olmalıdır);
- Elmi-tədqiqat və redaksiya nəşriyyat şöbəsinin elmi katibi və elmi əməkdaşı (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrini bitirmiş və hüquq sahəsi üzrə elmi dərəcəyə malik olmalıdır);
- Kitabxanaçı (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrinin kitabxanaşünaslıq və filologiya ixtisası üzrə bakalavr və ya magistr pilləsini bitirmiş olmalıdır).
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqənin şərtlərinə cavab verən namizədlərin sənədləri, bilik və bacarıqları Müsabiqə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra toplanılacaqdır. Müsabiqə zamanı elmi dərəcəyə malik olan şəxslərə üstünlük veriləcəkdir. Müsabiqədən uğurla keçmiş namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin fevral ayının 21-dən mart ayının 18-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan 18.00-dək Daxili İşlər Nazirliyinin Polis Akademiyasına (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 3) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyət vəsiqəsi;
ali təhsil haqqında sənədin əsli;
hərbi bilet;
əmək kitabçası (olanlar üçün).
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq. Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti, kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə üçün əməkdaşa və onun hər bir ailə üzvünə kompensasiya, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, DİN-in "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir. Müsabiqə əsasında vəzifəyə təyin olunmuş şəxslərin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək. Əlavə məlumatı www.mia.gov.az və www.pa.edu.az saytlarından, eləcə də (012) 454-12-78 nömrəli əlaqə telefonu vasitəsi ilə ala bilərsiniz.