Türkiyəli aktyor Şahan Gökbaharın "Recep İvedik 5" filminin qardaş ölkədə qala-gecəsi baş tutub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin ölkəmizdə nə vaxt nümayişə başlayacağı bir çoxlarını maraqlandırır.
Bəziləri filmdə Azərbaycanla bağlı baş verən qalmaqallardan sonra ekran işinin qadağa olunduğunu və ya yaradıcı heyətin ölkəmizdə nümayişdən imtina etdiyini deyir.
Əməkdaşımız paytaxtımızda fəaliyyət göstərən kinoteatrlarla əlaqə saxlayıb, "Receb İvedik 5"in nə vaxt nümayiş olunacağı ilə maraqlanıb:
Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirib ki, hələ danışıqlar aparılır:
"Filmin nümayişə girəcəyi vaxt dəqiqləşməyib. Amma bizim kinoteatr tərəfindən danışıqlara başlanılıb. Böyük qala-gecə və aktyorların şəhərimizə gəlişi olmayacaq, sadəcə film nümayiş ediləcək. Ekran işində səs-küy yaradan səhnələr oldu. Onlar çıxarılandan sonra heç bir maneə qalmayıb".
"Cinema Plus"un piar meneceri Nara Həsənova deyib ki, film apreldə nümayiş ediləcək.
"Park Cinema"nın piar meneceri Kəmalə İsmayılova isə artıq filmin onların kinoteatrındakı nümayiş gününün bəlli olduğunu bildirib:
"Bizim kinoteartlarda martın 16-dan film nümayiş ediləcək. Nümayişi üçün heç bir problem yoxdur. Söz-söhbətə səbəb olan səhnələr çıxarıldığı üçün düşünürük ki, problem də aradan qaldırılıb".
Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu. Belə ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır. Türkiyə və Azərbaycan münasibətlərini düzgün əks olunmadığı və səhnənin çıxarılması tələb edilmişdi. Şahan açıqlama verərək həmin səhnənin filmdən çıxarıldığını bildirib.
Milli.Az