Azərbaycanda toy məclislərinin sayı kəskin azalıb. Rəsmi məlumata əsasən, 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə 60,8 min nikah qeydə alınıbsa, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 63,1 min olub.
Bir vaxtlar ayda 20-25 toy şənliyi təşkil edən restoranlar indi 1-2 toy tutanda sevinirlər.
Milli.Az azvision.az-a istinadən bir neçə restoranda keçirilmiş sorğunu təqdim edir:
"Mega Palace" şadlıq sarayının administratoru Yunus Kərimov deyib ki, tələbat əvvəlki illərlə müqayisədə çox azdır: "Əvvəlki dövrlərlə müayisədə toy edənlərin sayında yerlə göy qədər fərq var. Tələbat çox azalıb. Məsələn, 2015-ci ilin fevral ayında 15-20 toy olurdusa, hazırda 5 toy olanda sevinirik".
"Elvin" şadlıq sarayının administratoru da həmkarı kimi gəlirlərinin azaldığını deyib: "İnsanlar ancaq gündəlik yaşamağın yolları haqda düşünürlər. Əvvəlki illərdə bir ay ərzində 15 toy olurdusa, hal-hazırda maksimum 2-3 toy olur".
"Sərin" şadlıq sarayından suallarımızı cavablandıran şəxs hazırda vəziyyətin yaxşı olmadığını, toy biznesinin çökdüyünü deyib: "Bilmirik, nə zamana qədər belə davam edəcək. Buna əsas səbəb, manatın kəskin şəkildə dəyərdən düşməsi oldu".
"Gilavar" restoranının əməkdaşı Sahib Məmmədov isə hər şeyin qaydasında olduğunu söyləyib. Onun sözlərinə görə, mövsümlə bağlı toylara tələbat azalıb.
"Su Sonası" şadlıq sarayının administratoru da toyların azlığından gileylənib.
"Şuşa" şadlıq sarayından sorğumuza cavab olaraq qeyd edilib ki, ərzağın bahalaşması toyların sayının azalmasına səbəb olub.
"Əvvəlki qiymətlərin qorunub saxlanması biznes subyektləri üçün zərərə gətirib çıxarır. Ona görə də qiymətləri bahalaşdırmaq olmur. Menyuda qiymətləri sabit saxlamağa çalışırıq".
Sorğu apardığımız digər şadlıq evlərində də vəziyyət oxşardır: qiymətlər qalxıb, toylar kəskin azalıb.
Milli.Az