Qadin.NET / "Şərikli çörək" filminin Vaqifindən xəbər var: "Azərbaycana gəlişini sevinclə qarşılayırıq" - FOTO

"Şərikli çörək" filminin Vaqifindən xəbər var: "Azərbaycana gəlişini sevinclə qarşılayırıq" - FOTO

 

"Şərikli çörək" filminin Vaqifindən xəbər var: "Azərbaycana gəlişini sevinclə qarşılayırıq" - FOTO

 

"Şərikli çörək" filminin Vaqifi - Kamran Rəcəblidən xəbər var. Azərbaycandan çox uzaqda elmi fəaliyyətlə məşğul olan məşhur haqda bu dəfə dostu və əməkdaşlıq etdiyi şirkətin işçisi Mahmud Əliyev danışır. O, Milli.Az-a müsahibəsində Kamran Rəcəblinin illərdir gizli saxladığı sirləri açıb:

"O, illər öncə filmə necə dəvət olunduğunu bizə bu cür danışmışdı. Dediyinə görə, bir dəfə anası ilə "Tarqovı"da gəzirmişlər. Anası ona deyib ki, sən mağazanın kənarında dayan, mən dükana girim, alış-veriş edim, çıxıram. Deyir ki, mən balaca bir uşaq idim, 6-7 yaşım olardı. Mənə iki nəfər kişi yaxınlaşdı. Adımı, şeir bilib-bilməməyimi soruşdular. Bu zaman anam çölə çıxdı, təbii ki, çox narahat olmuşdu. Onlar özlərini təqdim etdilər ki, biz film çəkilişi üçün uşaq axtarırıq, sizin oğlunuzun siması, gülüşü bizim xoşumuza gəldi. Olarmı biz onu sınaq çəkilişlərinə götürək. Anam etiraz etmədi, mənə baxdı. Bundan sonra, demək olar ki, kino yolu onun üçün açılır".

K.Rəcəbli sonradan kinoya çəkilməməsinin səbəblərini belə izah edibmiş:

"Bir kino başladı, ondan sonra ardı gəldi. Artıq mən filmlərə çəkilməyə başladım. Anam gördü ki, mən təhsilimdən geri qalıram, ona görə də məni bu sahədən çəkindirdilər. Çünki mən qərar verməliydim ki, ya professional kinoaktyor olmalıyam, ya da ki, bu mənim üçün bir dövr idi, gəldi, keçdi. Bu filmdən başqa, "Skripkanın səsi", "Hava, od, su, torpaq" və s. filmlərdə çəkildim".

M. Əliyev davam edir: "O, 1980-ci ildə Azərbaycandan gedib. O vaxt SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedib, sonra isə öz elmi fəaliyyətini davam etdirdi. Kibernetik proqramçı kimi ilk fəaliyyətə başladı. Daha sonra isə lider məsləhətçi kimi. İndi energetika sahəsində professor-doktordur. Kamran müəllimin adı çox böyük layihələrdə səslənib. O ən inkişaf etmiş ölkələrə enerji məsləhətçisi kimi göndərilib. Biz çox şadıq ki, Kamran müəllimlə işləyirik və onunla çalışırıq. Kamran müəllim bizə bu sahənin incəliklərini başa salır. Onun həm dünyagörüşü, həm də səmimiliyi və sadəliyi bu insanı səciyyələndirir".

 

"Şərikli çörək" filminin Vaqifindən xəbər var: "Azərbaycana gəlişini sevinclə qarşılayırıq" - FOTO

 

 

"Vaqif"in ikinci baharı...

"Onun iki evliliyi olub. O vaxt Amerikaya gedəndə ilk dəfə kanadalı bir qadınla evlənmişdi. O evlilikdən Maksim adlı bir oğlu var. Digər övladının adını unutmuşam. Sonradan isə ömrünün ikinci baharını yaşayan bir qadınla ailə həyatı qurdu. Evlənərkən haradasa 50 yaşı var idi. Bu evlilikdən isə 3 kiçik övladı var".

 

"Şərikli çörək" filminin Vaqifindən xəbər var: "Azərbaycana gəlişini sevinclə qarşılayırıq" - FOTO

 

 

İstedadlı energetik və uğurlu layihələrə atılan imza:

"Həm "Azərenerji", həm "Azərişıq" SC-də dispetçer idarəetmə sisteminin avtomatlaşdırılması (SKADA) layihələrində Kamran müəllim bir mütəxəssis kimi əlindən gələni edir. Onun savadından, mənə elə gəlir, hamı istifadə etməlidir. Bakıya gələndə "Azərenerji"yə gəlir, çünki o layihəni özü reallaşdırıb. O nəhəng enerji şirkətlərinin təqdim etdiyi idarəetmə həllərindən Azərbaycan enerji sistemi üçün həm maliyyə qənaəti, həm səmərəli texnologiya baxımından ən uğurlusunu seçmişdir. Hər layihəyə öz övladı kimi baxır. Tipik amerikan ləhcəsi ilə danışır. Qətiyyən azərbaycanlı olduğunu ayırd etmək olmur. İllər ərzində yaşadığı ölkələr, müxtəlif ölkələrə etdiyi saysız-hesabsız işgüzar səfərlər onda universal bir dünya insanı obrazı yaradıb. O həmişə deyir ki, Azərbaycan tamaşaçıları məni unutmayıblar. Amerikada belə deyil, kim nə vaxtsa hansısa filmdə çəkilibsə, onu tez unudurlar. Amerikan xalqı bir az unutqandır. Mən Azərbaycana qayıdan kimi o dəqiqə deyirlər ki, Kamran gəldi. Bizim xalq öz ənənələrinə sadiqdir. Bunlar ona qəribə sevinc hissi bəxş edir. Mən bəzən ona sual verirəm ki, filmdə çəkilmək istərdiniz? O da həmişə cavabında deyir ki, yəqin ki, çəkilmərəm. Çünki qeyri-peşəkar bir şey alınar. O indi yalnız sənədli filmdə çəkilə biləcəyini deyir, bədii obraz oynamaq niyyətində deyil. Həmişə deyir ki, kənardan Azərbaycan çox balaca görünür. Ona görə də kiçik ölkədən böyük uğurlar, xoş sədalar eşidəndə yerə-göyə sığmır. O istəyir ki, bütün alimlər məhz Azərbaycandan olsunlar. Lütfi Zadədən ürək dolusu danışır. Sonuncu dəfə 1 il əvvəl görüşmüşük. Bakıya yaxınlarını, qoca anasını görməyə gəlmişdi. Həmişə olduğu kimi layihənin gedişatı ilə maraqlandı. Nə çətinliyin olub-olmadığını soruşdu. Biz onunla çoxlu səfərlərdə olmuşuq, amma nə qədər səmimi insan da olsa, rəsmiyyəti saxlayırıq ona qarşı. Kamran müəllimin hər gəlişi bizə toy-bayramdır. Dünya miqyasına iki əlin barmaqları sayılacaq qədər azərbaycanlı çıxara biləriksə, onun biri Kamran Rəcəblidir".

Əli Rəhimoğlu

Milli.Az

15 fevral 2017
GO BACK