Qadin.NET / Sosial şəbəkələrin “yalançı çobanları”

Sosial şəbəkələrin “yalançı çobanları”

 

Sosial şəbəkələrin “yalançı çobanları”

 

"Dəfələrlə şirkətlərin sosial şəbəkə vasitəsilə paylaşdıqları iş elanlarına müraciət etmişəm. CV-im hansı şirkətin qoyduğu tələbə uyğun gəlibsə, göndərmişəm, amma heç vaxt da cavab gəlməyib. Ən azından seçim üçün çağıra, yaxud təsdiq mesajı yaza bilərlər. Çünki qoyduqları tələbə uyğun bir CV-im varsa, seçim etmək üçün heç olmasa ofisə çağırmalıdırlar, amma heç biri çağırmayıb" - bu sözləri bizimlə söhbətində proqramçı Lalə xanım dedi.
 
O bildirdi ki, bir neçə dəfə cavab verilmədiyi halda, şirkətlə əlaqə saxlayıb, "iş elanı" ilə bağlı məsələnin nə yerdə olduğunu soruşub. Adətən aldığı cavab "ehtiyac olsa, sizinlə əlaqə saxlayacağıq" olub: "Çox gözəl, mədəni şəkildə adamı yola verirlər. Bəzilərində isə ümumiyyətlə, nömrə olmur, sadəcə e-mail yazılır, sonra mesaj yazsam da, cavab verilməyib. Əvvəllər dost-tanışlar o cür elanların çoxunun reklam xarakterli, səhifəyə daha çox adam cəlb etmək üçün bir üsul olduğunu deyirdilər, inanmırdım. Amma indi düşünürəm ki, çoxu reklam məqsədli edir".

Milli.Az kaspi.az-a istinadən bildirir ki, bu gün xidmət sahələri və məhsul istehsalçılarının reklam üçün yararlandıqları üsullardan biri də sosial şəbəkələrdir. Çünki bu gün sosial şəbəkədə istənilən yaşda və fərqli maraqları olan insan kifayət qədərdir. Artıq marketinq strategiyasının bir tərəfi də məhz sosial şəbəkə səhifələrinin izləyicilərin maraq dairəsində saxlanmasıdır.
 
"Səhifədə bəyənmənin çox olması heç bir önəm daşımır"
 
Bunun üçün marketinq cəhətdən bir çox strategiyalar tətbiq olunur. Amma izləyiciləri sağlam olmayan üsullarla da cəlb etmək metodu var. Bunun üçün izləyicilərin mənfi reaksiya verəcəkləri məlumatlardan da istifadə edənlər çoxdur. Yaxud, müsabiqələr keçirirlər. Amma son vaxtlar "dəb"də olan bir variant da var: "İş elanı" paylaşımları. Çünki bu elan iş axtaran kütlənin istər-istəməz maraq dairəsində olacaq, nə isə yazacaq, səhifəni diqqətdə saxlayacaq. Düzdür, sosial şəbəkə vasitəsilə verilən elanlar arasında doğru olanları da çoxdur. Amma səhifədə aktivliyə səbəb olan bu metoddan sui-istifadə üçün yararlananlar da az deyil.

PR üzrə mütəxəssis Vüqar Baba açıqlamasında bildirdi ki, səhifənin "bəyənmə" sayının çox olması bu gün artıq o qədər də əhəmiyyət daşımır: ""Bəyənmə" çoxluğunun önəmli faktor olması əvvəllər gündəmdə idi. Əvvəllər sosial şəbəkələrdə belə idi ki, əgər səhifədə 10 min izləyicin varsa, paylaşdığın 6-7 min nəfərə çatırdı. Sən hardasa pulsuz auditoriya qazanmış olurdun, reklamını ödənişsiz edirdin. Buna görə də bir müddət əvvəl səhifə satışı ilə bağlı bir bazar da formalaşmışdı. Səhifə yaradıb, böyük bir izləyicisi toplayıb, onu satırdılar. Qiymətlər isə izləyici sayının çoxluğuna görə dəyişirdi. Böyük şirkətlər isə bunu alırdılar. Amma artıq səhifənin izləyici sayının nə qədər olması elə də önəmli faktor hesab edilmir. Çünki "facebook"un qurucuları alqoritmi dəyişiblər. İndi heç də səhifəni bəyənən hər kəs paylaşılan məlumatları görmür. Yəni, səhifədə bəyənmənin çox olması heç bir önəm daşımır. 10 min izləyici varsa, onun 2, maksimum 3 faizi paylaşımı görür.

Çünki "facebook"u idarə edənlər düşünürlər ki, bu qədər şəbəkəni qurmuşuq, əziyyət çəkib işləyirik və hər kəs də hansısa üsulla səhifəyə kütlə yığmaqla, xərc çəkmədən pul qazanacaq. Bunu "facebook" rəhbərliyi əlbəttə ki, istəmir. Özünü reklam etmək, paylaşımlarının daha çox adama çatmasına nail olmaq istəyirsənsə, daim pul xərcləməlisən. Pul xərclənmədiyi halda nə qədər izləyicin olursa-olsun, çox cüzi sayda adam görür. Hansısa üsullarla səhifəsinə izləyici toplayanlar da bu metodu yəqin ki bilmirlər".
 
"Yalançı elanlar aqressiv izləyici kütləsi formalaşdırır"
 
V.Babanın sözlərinə görə "bəyənmə"dənsə, səhifədə aktivliyin saxlanılmasına nail olmaq daha effektiv üsuldur: "Yəni səhifədəki paylaşıma neçə rəy yazılır, nə qədər bəyənilir... Səhifə izləyicilərinin sayı yox, paylaşıma olan reaksiya səviyyəsi önəmlidir. Yalandan hansısa bir iş elanı paylaşmaqla həmin statusda aktivlik ola bilər. Amma daha sonra o səhifənin paylaşdığı diqqət çəkməyəcəksə, maraqsız olacaqsa, onsuz da o paylaşımları yenə az adam görəcək. "Facebook" paylaşımlara yazılan rəyləri, "bəyənmə"ləri hesablayır. Çox bəyənmə gələn və daha çox rəy bildirilən paylaşımları digər istifadəçilərin görməsinə də şərait yaradır. Ona görə də səhifədə aktivliyin olmasına çalışmaq lazımdır".

PR üzrə mütəxəssis deyir ki, səhifədə aktivlik olması üçün izləyicilərin maraq dairəsində olan nələrsə paylaşmaq lazımdır. Amma paylaşımların saxta, qeyri-dəqiq olmamasına diqqət edilməlidir. İnsanları aldatmaqla səhifəyə cəlb etmək, özünə qarşı aqressiv kütləni daha yaxına çəkmək deməkdir: "Səhifələr maksimum dərəcədə maraqlı, dəqiq və düzgün informasiyaları paylaşmalıdırlar. Yalan informasiya istər-istəməz həmin şirkətlərin əleyhinə işləyir. Bir-iki yalan izləyicilər tərəfindən məlum olanda artıq həmin səhifədə onlara qarşı əks fikirlər yazıla bilər ki, izləyiciləri aldadırsınız. Bu, şirkət üçün kiçik də olsa, böhranın başlanğıcı sayıla bilər. Yəni, yanlış reklamlarla özlərinə qarşı əks fikirdə olan kütlə yığmış olacaqlar.

Yanlış paylaşımdan dolayı səhifəyə gələn izləyicilər paylaşımlara qarşı qıcıq reaksiya verəcəklər. Məsələn, şokolad firması səhifəsində iş elanı adı ilə izləyici yığa bilər. Amma onların səhifəyə gəlməkdə məqsədləri şokolad almaq deyil. Ona görə fəaliyyət göstərdikləri istiqamətdə şirkətin maraqlarına uyğun izləyici toplamaq daha yaxşı ola bilər. Əgər səhifənin izləyicisi 10 min nəfərdirsə və onun 500-nə məhsulunu sata bilməyəcəksə, 10 min nəfər onun nəyinə lazımdır? Bunları düşünmədən rəqəmə qaçırlar. O rəqəm onlara heç vaxt müştəri, pul kimi dönməyəcək. Bəzi səhifələrdə görürük ki, nə paylaşsalar neqativ rəylər yazırlar. Çünki o izləyicilər ora necəsə düşüblər, hansı yollasa cəlb ediblər. Sənin müştərin deyil, məhsulunun fanatı deyil, nə vaxtsa sənin məhsulunu almaq arzusunda da deyillər".
 
"Səhifənin idarəetməsi şirkətin imicinə uyğun olmalıdır"
 
"Modern Marketinq Group"un rəhbəri, marketoloq Yusif Vəliyev bizimlə söhbətində bildirdi ki, məsələyə iki tərəfdən yanaşmaq lazımdır. Birincisi odur ki, sosial şəbəkə vasitəsilə elan verdikdə daha çox müraciət olur və daha yaxşı kadrı seçib işə cəlb etmək olur. Amma bir də "iş elanı" adından sadəcə istifadə edənlər var: "İş elanları üçün sosial şəbəkə elanları çox yaxşıdır. Şirkətlər bu yollarla ən real və daha yaxşı kadrı əldə edə bilər. Çünki elan verəndə daha çox işçi müraciət edir və seçim imkanı da çox olur. Bu işin marketinq tərəfi deyil, sadəcə olaraq yaxşı kadrı axtarıb tapmaq üçün bir üsuldur.

Əgər marketinq tərəfindən yanaşılsa, səhifəyə cəlb olunacaq insanlar şirkətin maraq dairəsində olmalıdır. Şirkətin göstərdiyi xidmət, satdığı məhsul sırf həmin tip kütləyə aiddirsə, bunu da müəyyən qədər başa düşmək olar. Çünki ola bilsin ki, onun hədəf kursunda olan insanlar həmin kütlədir. Amma istənilən halda insanlara ümid vermək, onlardan istifadə etməkdən söz gedirsə, bu, qeyri-peşəkarlıqdır. Burada hər hansı marketinq taktikasından söhbət gedə bilməz".

Y.Vəliyev deyir ki, bu cür metodlardan böyük şirkətlər deyil, kiçik və nisbətən orta şirkətlər istifadə edirlər. Onun sözlərinə görə, öz imicini yaratmaq, onu qoruyub saxlamaq üçün daha sağlam və effektiv üsullardan yararlanmaq lazımdır: "Böyük şirkətlər marketinq işi apararkən səhifədə izləyicilərin aktivliyini təmin etmək üçün öz xidmətləri ilə bağlı olmayan nələrisə də paylaşa bilərlər. Məsələn, hansısa maraqlı bir videoçarx çəkib, onu səhifədə yerləşdirə bilərlər. Bu, düşünülmüş şəkildə görülən işdir. Düşünülməmiş şəkildə isə hansısa ucuz bir xəbərin səhifədə paylaşılması uğurlu bir metod deyil. Səhifənin idarəetməsi şirkətin imicinə uyğun olmalıdır. İstər yalançı vakansiya, istər hansısa bir şou xəbəri və yaxud nəsə şirkətə uyğun gəlməyən, amma diqqət çəkən məlumatların paylaşımı qeyri-peşəkarlıqdır və burda hər hansı bir uğurdan söhbət gedə bilməz".
 
"İş elanı adı ilə bir çox insanı səhifələrinə cəlb edə bilirlər"
 
Edumap.az saytının həmtəsisçisi Toğrul Bayramlının sözlərinə görə, bu gün bir çox şirkətlər az büdcə ilə daha yaxşı reklam etmək üçün çalışırlar: "Bunun üçün də müxtəlif yollar axtarıb tapırlar. Bu gün sosial şəbəkələr iş və işçi axtaranlar üçün daha çox seçim imkanı yaradır. İş elanı olan paylaşımlara verilən reaksiyaları hər birimiz görürük. Əvvəllər bir səhifəm vardı, sonra onun adını dəyişib vakansiyalarla bağlı etdik. İş elanları paylaşırıq. Bir il ərzində səhifənin izləyicilərinin sayı dəfələrlə artdı. Vakansiyalarla bağlı paylaşımlar səhifəyə aktivlik gətirir, bəyənənlər, rəy yazanlar çox olur. Ona görə az büdcə ilə özlərini tanıtmaq istəyən şirkətlər indiki dövrdə iş axtaranların çox olduğunu fikirləşərək, bu metoddan istifadə etməyə üstünlük verirlər. İşsiz olan şəxslər belə vakansiyalar görəndə istər-istəməz oxuyurlar, bəyənirlər, maraq dairələrində iş olsa rəy yazırlar".

T.Bayramlı deyir ki, "facebook"un pullu reklamı vasitəsilə şirkət hansısa məhsulunu paylaşsa belə, iş elanları qədər maraq doğurmur: "Məhsulun, yaxud hansısa xidmətin reklamlı paylaşımı olanda, bunu görənlərin arasından yalnız o məhsulu almaq, həmin xidmətdən yararlanmaq istəyənlərin diqqətini çəkəcək. Amma bu o demək deyil ki, onlar bu səhifəni bəyənəcəklər, rəy yazacaqlar. Lakin iş elanı adı ilə bir çox insanı səhifələrinə cəlb edə bilirlər. Məhsullarını, yaxud xidmətlərini satmasalar belə, ən azından özlərini reklam edirlər. Çünki iş elanı ilə bağlı paylaşımda şirkətləri gördükləri iş haqda məlumat yazmaqla da bir növ reklam edirlər. Bilirlər ki, vakansiya ilə bağlı olduğu üçün bu məlumat daha çox yayılacaq".
 
Diqqət edilməli məqamlar var...
 
Müsahibimiz bildirdi ki, bəzi şirkətlərin iş elanı paylaşımları işçi götürmək xarakterli olmasa da, reklam məqsədli də deyil: "Bəzi şirkətlərin strategiyalarına uyğun olaraq,  iş prosesi zamanı işçilərlə bağlı elan vermək kimi bir öhdəliyi də var. İşçiləri özləri seçsələr də, elan verirlər, amma elanda məqsəd işçi götürmək olmur. Sadəcə, plana uyğun olaraq işçi axtarmaq üçün elan verilməlidir".

T.Bayramlı qeyd etdi ki, işçi axtarmaq məqsədilə edilən paylaşımlarda peşəkarlıq hiss olunur. Ona görə də paylaşılan iş elanları ilə bağlı insanlar müəyyən nüanslara diqqət etməklə, müəyyən  araşdırma apara bilərlər: "Bizə paylaşmaq üçün çox vakansiya təqdim olunur. E-mail ünvanı, iş yerinin yerləşdiyi məkan, əlaqə nömrəsi qeyd olunursa, bu zaman elanı ciddi qarşılamaq olar. Paylaşacağımız elanın ciddiliyinə fikir veririk. Amma sosial şəbəkə səhifələrində paylaşılanların formal bir elan olduğunu çox vaxt hiss etmək olur. E-mail ünvanı isə korporativ olsa, daha yaxşıdır.  Şəxsən mənim şirkətim olsa və işçi lazım olacağı təqdirdə, sosial şəbəkə vasitəsilə özümə işçi axtara bilərəm. Bu, daha yaxşı kadr tapmağa kömək edə bilər. Amma iş elanı adı ilə insanları aldadanlar da olduğu üçün insanlar CV göndərməmişdən əvvəl elan verilən şirkəti araşdırmalı, elanın ciddiliyinə əmin olmalıdırlar".

Milli.Az

12 fevral 2017
GO BACK