Entoni Pilipa 2012-ci ildə Kanadanın Vankuver şəhərindəki evini tərk etmiş, yoxa çıxmışdı. Onun harada olduğunu ailə üzvləri, qohumları, dostları və tanışları bilmirdilər.
Entoni indi Amazon cəngəlliklərində tapılıb. Sən demə, o, payi-piyada, özü də ayaqyalın 9 min kilometr yol qət edib.
Milli.Az ABC-yə istinadən bildirir ki, 39 yaşlı Entoni Pilipa Braziliyada, Amazoniya bölgəsində tapılanda onun üzərində pasport, yaxud şəxsiyyət vəsiqəsi və ya hər hansı başqa sənəd yoxdu.
Entoninin dediyinə görə, bu illərdə zibilxanalarda ərzaq və paltar yığmaqla, meşələrdə meyvə toplayıb yeməklə, bir də tanımadığı, yad insanların ona xeyirxahlıqla etdikləri yardımlar sayəsində yaşayıb.
Entoninin qardaşı Stivenin dediyinə görə, illər sonra tapdığı qardaşını evə, Kanadaya aparacaq.
"Qardaşım ruhi xəstədir, şizofreniyadan əziyyət çəkir. Onu illərdir ki, axtarırdıq. Tapacağımıza artıq ümidimiz də azalmışdı. Şükürlər olsun Tanrıya ki, tapdıq", - Stiven Pilipa deyib.
Stivenin dediyinə görə, Entoninin arzusu Argentinanın paytaxtı Buenos-Ayresdəki Milli Kitabxananı ziyarət etməkdi.
Ailəsi bu arzuya ciddi fikir verməyib. Amma nahaq yerə: günlərin birində, 5 il əvvəl, Entoni evdən çıxaraq Argentinaya yollanıb.
ABŞ, Meksika, Qvatemala, Kosta-Rika, Panama, Kolumbiya və Venesueladan piyada, ayaqyalın keçən Entoni Argentinaya çatanda o, Buenos-Ayresə yollanmır, Braziliyaya keçir.
Və beləcə, Braziliyada, Amazoniya bölgəsində qalır.
Entoni Pilipanı braziliyalı polis aşkarlayıb.
Milli.Az