Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam xarakterli SMS-ləri, mobil operatorlarla müqavilə əsasında fəaliyyət göstərən kontent provayderlərin fəaliyyəti barədə hər gün insanlar tərəfindən şikayətlər səsləndirilir. Abonentlərin xəbəri olmadan bu və ya digər xidmətlərə ödənişli qoşulması, eyni zamandan balansdan pul çıxılması halları ilə bağlı məlumatlar paylaşılmasına, xəbardarlıq edilməsinə baxmayaraq, hər ötən gün bu kimi hallar artmaqda davam edir. Hətta "ödənişli xidmətlərdən" imtina etdikdə belə, müəyyən müddətdən sonra balansa yüklənən puldan "əsər-əlamət qalmır".
Uzun müddətdir ki, gündəmdə olan bu məsələ ilə bağlı araşdırmalar aparılmasına, ekspertlərin, lazımi qurumların fikirlər bildirməsinə rəğmən məsələ öz həllini tapmır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, mobil telefon nömrələrinə abunəçilərin razılığı olmadan reklam və çaşdırıcı xarakter daşıyan zənglərin və SMS-lərin gəlməsi, telefon nömrələrinin ödənişli xidmətlərə qoşulması və nəticədə həmin nömrələrin balansından gündəlik olaraq müxtəlif məbləğlərdə vəsaitin silinməsi ilə əlaqədar mobil rabitə istifadəçilərindən onlara müraciətlər daxil olur. "Son zamanlar xüsusilə "wap" üsulu ilə, yəni mobil internetdən istifadə zamanı abunəçilərin çaşdırıcı formada başqa saytlara yönəldilməsi, əvvəlcədən razılaşdırılmadan, həmçinin təklif edilən xidmətlərin şərtləri, qiymətləri və s. barədə heç bir məlumat verilmədən nömrələrin müxtəlif xidmətlərə qoşulması təşkil olunur və nəticədə abunəçilərin hesabından müxtəlif məbləğlərdə vəsait silinir və bu cür proseslər gündəlik davam edir".
Nazirlikdən bildirilib ki, daxil olan şikayətlər araşdırılır, baxılması üçün aidiyyəti operatorlara göndərilir. "Belə ki, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə uyğun olaraq, müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Eyni zamanda, Qanunun 33-cü maddəsinə əsasən, telekommunikasiya operatorları, provayderləri abunəçi ilə bağlanan müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirməli, telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətdə göstərməli və istehlakçıların hüquqlarını pozmamalıdırlar. Qanunun 43.1-cü maddəsinə görə, bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Telekommunikasiya fəaliyyəti subyektləri yol verdikləri hüquqpozmalara görə qanunla və mövcud müqavilələrdə nəzərdə tutulan əsaslar ilə məsuliyyətə cəlb edilə bilərlər. Eyni zamanda, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq, telekommunikasiya operatoru və provayderi reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya bu Qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır".
Məlumatda, həmçinin qeyd olunub ki, abunəçi ilə əvvəlcədən ona aydın olacaq formada yazılı formada razılaşdırılmadan reklam və ya çaşdırıcı xarakter daşıyan zənglərin və SMS-lərin göndərilməsi və yaxud internet üzərindən müəyyən saytlara keçid edilərək, telefon nömrəsində müəyyən xidmətlərin aktiv olunması, bunun müqabilində abunəçinin balansından vəsaitin silinməsi qanunvericiliyə ziddir və belə hərəkətlərə görə bilavasitə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşımalıdır.
"Mobil telefon nömrələrində hər hansı xidmətlərin aktivləşdirilməsindən öncə abunəçilərə bu barədə SMS və ya digər mümkün olan vasitələrlə ətraflı məlumat verilməsi təmin edilməli və yalnız abunəçinin xidmətə qoşulması barədə SMS və ya digər mümkün olan vasitələrlə yazılı formada razılığı alındıqdan sonra həmin xidmət (xidmətlər) aktivləşdirilə bilər. Əks halda abunəçilərə dəyən maddi və mənəvi ziyana görə mobil operator məsuliyyət daşımalıdır. Mövcud qanunvericiliyin tələblərinin, eləcə də istehlakçıların hüquqlarının pozulması ilə nəticələnən, abunəçilərlə heç bir yazılı müqavilə bağlanılmadan və mövcud yazılı müqavilədə əvvəlcədən razılaşdırılmadan təşkil edilən belə xidmətlərin dayandırılması ilə əlaqədar nazirlik tərəfindən hər üç mobil operatora xəbərdarlıq məktubları göndərilib".
Milli.Az