Qadin.NET / Ölüm anında insana nələr göstərilir?

Ölüm anında insana nələr göstərilir?

Ölüm anında insana nələr göstərilir?

Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) səhabələrindən birinin ölüm yatağında olduğunu eşidir və onun yanına gedir. Halını xəbər alır, nələr gördüyünü soruşur. Səhabə deyir ki, ona bir ağ, bir də qara şey göstərilir. Peyğəmbərimiz ağınmı, ya qaranınmı ona daha yaxın olduğunu soruşanda səhabə "qara" cavabını verir və onun üçün dua etməsini istəyir. Rəsulullah (Ona Allahın salamı olsun!) dua edəndən sonra səhabə qaranın uzaqlaşdığını, ağın yaxınlaşdığını bildirir ki, bu da son anda insana əməllərinin göstərildiyi kimi izah olunur. Çünki görünən həmin qara şey insanın günahları, ağ isə savablarıdır.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Həzrəti-Əzrayıl (Ona salam olsun!) insanın ruhunu almağa gələndə əvvəlcə ona salam verər. Sonra həmin adama axirətdəki yeri göstərilir. İnsan qəbirdə və bəqa aləmində yaşayacaqlarını bu andan etibarən dərk edər. Həzrət Əli (Allah ondan razı olsun!) buyurur ki, gedəcəyi yeri bilmədən bir kimsənin bu dünyadan çıxması haramdır. Demək ölüm nə qədər ani, sürətli olsa belə, həmin anda zaman genişlədilir və insana gedəcəyi yer göstərildikdən sonra canı alınır.

Qurani-Kərimdə bildirlir ki, xeyir işlərdə irəli getmiş, həyatını Allah-Taalanın əmrləri istiqamətində yaşamış möminlər üçün ölüm rahatlıqdır, onlar üçün çox gözəl nemətlər hazırlanmışdır və Naim Cənnətində olacaqlar. İnkarçılar, yəni kafirlər üçün isə qaynar sudan bir ziyafət vardır, yəni onları Cəhənnəm əzabı gözləyir.

Bir möminlə bir kafirin ölümü də eyni olmaz. Belə ki, möminin canı bədənindən kərə yağından tük çəkilən kimi alınar. Hətta şəhidlər öldüklərini belə anlamazlar, sadəcə onu hiss edərlər ki, əvvəlkindən daha gözəl bir məkana gəliblər.

Bir kafirin ölümü isə çox əzablı, çox dəhşətli olur. Yəni insanın həyatı necədirsə, ölümü də, axirəti də onun məntiqi davamı olur.

Son anda edilən tövbənin qəbul edilib-edilmədiyinə gəldikdə isə Qurani-Kərim bu haqda buyurur ki, ömrü boyunca pis əməllərindən əl çəkməyən birisi ölümü hiss etdiyi, dünyadan əlinin üzüldüyü anda tövbə edərsə, onun tövbəsi qəbul deyil.

Sevimli Peyğəmbərimiz buyurur ki, can boğaza gəlmədən, yəni ölüm başının üstünü almadan gərək tövbə edib haqq yola yönələsən ki, duan qəbul olunsun.

Bəli, sevimli oxucular, ölüm dediyimiz bir oyanışdır, insanın öz əməlləri ilə üz-üzə qalmasıdır. Ölüm - Allaha qovuşmaqdır, ölüm anında insan Allaha qovuşmağı arzu edərsə, Allah da ona qovuşmaqdan xoşlanar; o anda ölümdən xoşlanmaz, Allaha qovuşmağı istəməzsə, Allah-Taala da ona qovuşmaqdan xoşlanmaz. Ölümü yoxluq bilənlər həqiqətdən xəbərsizlərdir.

Milli.Az

5 fevral 2017
GO BACK