Qadin.NET / İnsanların bu həyatda 4 imtahanı

İnsanların bu həyatda 4 imtahanı

İnsanların bu həyatda 4 imtahanı

Allahın dəyişməyən hökmlərindən biri də İlahi imtahanlarıdır. Quran bu haqda buyurur: "Məgər insanlar "İman gətirdik" - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!". ("Ənkəbut" 2).

İnsan xəlq olduğu gündən bəri İlahi imtahana məruz qalmış və qalmaqdadır da. İmtahan xüsusi insanlara və ya xüsusi zaman və məkana aid deyildir. Bu varlıq aləminə qədəm basan hər bir insan İlahi imtahan verməlidir. Bu imtahanlar müxtəlif simalarda insanlara nazil olur ki, onlardan dördü ilə tanış olaq. (Həvzəh)
1. Bəlalar və nöqsanlar. Allah bəzi insanları bəla və nöqsanlarla imtahana çəkər. Quran bu haqda buyurur:"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155). Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah insanları imtahan edir ki, onların gizli istedadları üzə çıxsın. Ona görə də insan dəmir kimi bu atəşli hadisələrə daxil olmalıdır ki, qızdırılıb xalisləşə bilsin və öz həqiqi cövhərini göstərə bilsin.
2. Nemət və sərvət. Allah bəzi insanları sərvət və nemət vasitəsilə imtahana çəkər. Hər kim nemətə küfr edərsə və naşakürlük edərsə, onu cəzalandırar. "Həqiqətən, mal-dövlətiniz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır". ("Təğabun" 15). Mal və övlad elə bir nemətlərdir ki, insanı daima özünə tərəf cəlb edir və ona eşq bəsləyir. İnsan bu zaman böyük təzyiq altında olur və hansı tərəfi seçəcəyinə qərar vermək onun üçün çətin olur. Çox zaman insan dünyanı seçir və Qarun kimi zəlil olur. Ancaq bəziləri də Həzrət Musa (ə) kimi Allahı seçirlər və Allahın dostu olurlar.
3. Vəzifə ilə imtahan. Vəzifəyə malik olmaq da İlahi nemətlərdəndir ki, insanlar onunla imtahan olunar. Allah Təala bu barədə Həzrət Süleymanın (ə) dili ilə buyurur: "Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: "Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir". ("Nəml" 40).
4. Gözəlliklə. Daxili və batini gözəllik də Allahın nemətlərindəndir ki, imtahan vasitəsi olur. Əgər insan bu nemətdən düzgün istifadə edərsə, İlahi qürbə çatar. Yox, əgər yanlış yola gedərsə, imtahanın atəşli kürəsinə daxil olar və ağır, çətin hadisələrlə rastlaşar.
"Həqiqətən Yusufda (onun özündə ruhunun əzəməti, insani keyfiyyətlərinin kamilliyi və peyğəmbərlik məqamı baxımından) və qardaşlarında (onunla qardaşlarının başına gələnlərdə) soruşanlar üçün (ibrət və hidayət) nişanələr(i) vardır". ("Yusif" 7).

Milli.Az

1 fevral 2017
GO BACK