"Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?) Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur". ("Səff" 2-3).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insanın dediyinə əməl etməməyi bəzən gücsüzlüyündən irəli gəlir və bəzən də laqeydliyi üzündən olur.
Əməlsiz alim meyvəsiz ağaca, yağışı olmayan buluda, suyu olmayan çaya, balı olmayan arıya, sapı olmayan iynəyə bənzəyir. Hədislərdə oxuyuruq: "Əməli olmayan elm, insan əleyhinə olan hüccətdir".
"O elmə ki, əməl olunmaz, elə bir xəzinəyə bənzəyir ki, ondan infaq olunmaz və istifadə olunmaz".
"O kəs ki, ədalətdən danışar, ancaq adil olmaz - Qiyamət günü ən çətin həsrətə malik olacaqdır". (Həvzəh)
Həzrət İsa (ə) buyurur: "O kəs ki, insanlar arasında elmi ilə tanınmışdır, ancaq əməli ilə tanınmamışdır - ən bədbəxt insandır".
İmam Sadiq (ə) buyurur: "O kəsin ki, işləri dediklərini təsdiq etməz - alim deyildir".
Beləliklə deyə bilərik ki, insanın elmi nə qədər çox olursa-olsun, əgər ona əməl etmirsə - bu insan alim sayılmaz və onun insanlara faydası olmaz. Çünki bir ağac ki, meyvə verməz, insanlar ondan bəhrələnməz.
Bir bulud ki, yağış yağdırmaz, yeri sulayıb canlandıra bilməz.
Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:
1. İman gərək əməl və sədaqətlə birlikdə olsun.
2. O kəsin ki, imanı vardır, niyə əməl etməsin ki?
3. Tərbiyənin yollarından biri lazımlı şəraitdə danlamaqdır.
4. Əhdə vəfa etmək vacibdir, xilaf çıxmaq isə kəbirə günahıdır.
5. Necə də çirkin olar ki, bütün varlıq aləmi Allahı təsbih etməklə məşğul olar, ancaq insan əməlsiz sözləri ilə Allahı qəzəbləndirər.
6. Əməlsiz söz təhlükəlidir.
7. Əgər bu gün sizin işiniz yalançı vədələrlə həll olursa, bu iş Allah yanında təhlükəli vəziyyət alacaqdır.