"Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası quruma edilən zənglər hesabına çağırış ünvanının müəyyənləşdirilməsi təklifi ilə Səhiyyə Nazirliyinə müraciət edib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Operativ və hospital işlər üzrə müavini Murad Mirzəzadə bu gün keçirdikləri hesabat xarakterli tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda bu təklif araşdırılır. Buna görə də təklifin nə zaman reallaşacağını indi demək mümkün deyil.
M.Mirzəzadə qeyd edib ki, bəzən çağırış edən şəxs öz ünvanını deyə bilmir: "Bu isə tibbi briqadanın cağırış ünvanını müəyyənləşdirməsinə çətinlik törədir. Belə hallar olan zaman biz onlara kommunal xidmətlərin qəbzlərinin üzərindəki ünvanları demələrini xahiş edirik".
M.Mirzəzadə qeyd edib ki, keçən il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülüb. Onun sözlərinə görə, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb.
M.Mirzəzadə əlavə edib ki, "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək. Bu isə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə "Elektron sağlamlıq kartı" vasitəsilə elektron nəzarət sisteminin tədbiqinə yardım etmiş olacaq.
Milli.Az