Gürcüstan parlamenti əmlak və mənzillərin satışı vaxtı onların reklamlarının xarici valyutalarda realizə olunmasını qadağan edən qanun layihəsinə baxacaq.
Milli.Az sia.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin "newsgeorgia.ge" saytı yazır.
Saytın yazdığına görə, bu təşəbbüs milli valyutanın möhkəmləndirilməsi planının tərkib hissəsidir. Belə ki, hazırda Gürcüstanda daşınmaz əmlak bazarında bütün sövdələşmələr xarici valyutalarla aparılmaqdadır. O cümlədən, avtomobil satışlarından tutmuş xaricə istirahət üçün turizm agentlikləri tərəfindən təklif edilən "putyovkalar" belə dollarla göstərilir.
Qanundakı yeni düzəlişlərə görə, "Gürcüstanın milli bankı haqqında"kı bölmədə yeni punkt olacaq: "Gürcüstan ərazisində əmlakların satışı, xidmət, reklam və s. hallarında yalnız laridən istifadə ediləcək".
Düzəlişlər "Reklam haqqında" qanunda da ediləcək.
Qanun layihəsinin təşəbbüskarlarından biri olan Gürcüstanın maliyyə nazirinin müavini Nikoloz Qaqua da sayta açıqlamasında bəyan edib ki, düzəlişlər xüsusilə daşınmaz əmlaklara aiddir. "Nəticədə larinin depozit həddi yüksələcək", - deyə Qaqua bildirib.
Qeyd olunur ki, Gürcüstanın milli valyutası larinin dollara nisbətdə ucuzlaşmasından sonra milli valyutanın kursunun möhkəmləndirilməsi planı hökumət tərəfindən təklif edilib.
Həmçinin, qeyd olunur ki, 2015-ci ilin 1 yanvar tarixindən kommersiya bankları tərəfindən dollarla verilən kreditlər müştərinin tələbi nəticəsində güzəştli kursla lariyə çevrilə bilər.
Əlavə olaraq, hökumət vergilərdə də qiymətləri artırmaq planını işə salmağa hazırlaşır. Belə ki, Gürcüstan parlamentinin qərarına görə, avtomobillərin ölkə daxilinə gətirilməsində aksizlərin qiymətləri artmaqla yanaşı, benzin və siqaret idxalına adi vergi dəyərləri də 2017-ci ilin 1 yanvar tarixindən artırılacaq. Gürcüstan hökuməti bu vasitə ilə ölkə büdcəsinə 550 milyon lari qazanc gətirəcəyinə ümid edir.
Milli.Az